Xaçmazda toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə canlı yayımlayan şəxslər məsuliyyətə cəlb olunub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər:
"Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir".