Tokayev Azərbaycan və Ermənistana vasitəçilik təklif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.

Stopnarkotik.az xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə, xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır.

Biz İrəvan və Bakının sülh sazişini imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz bizə dost olan iki ölkənin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir", - o söyləyib.

Tokayev Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini aktivləşdirmək cəhdlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, Astananın Paşinyan tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsini dəstəklədiyini deyib. Qazaxıstan Prezidenti ölkəsi ilə Ermənistan arasında aviadaşımaların stimullaşdırılmasının vacibliyini bildirib.