Bu hadisəni iki ildir gözləyirdik. Çünki oğlumun qatilinin həyatda olması bizim üçün ən ağır cəza idi. Mən özümü bağışlaya bilmirdim ki, övladımın qatili sağ-salamatdır.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri axar.az-a Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin bu gün edam olunmasına münasibət bildirərkən deyib.
Rizvan Əsgərov bildirib ki, bu gün həmin şəxs öz layiqli cəzasını alıb:
“Bu, həm mənim, həm də ailə üzvlərimizin bir qədər təskinlik tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində, edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Onun qəti tələbi olmasaydı, İran bu məsələni uzatmaqda davam edəcəkdi. Məhz onun tələbindən sonra edam hökmü icra olundu”.
O qeyd edib ki, proseslə bağlı daim məlumatlı olub:
“Edamın nə vaxt həyata keçiriləcəyini bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən bölüşmək mümkün olmur. Edamda iştirakla bağlı isə belə bir məsələ qaldırıldı ki, gərək atası kəndiri çəksin. Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan vətəndaşının gedib başqa ölkənin vətəndaşının ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan məsələ İran tərəfi ilə müzakirə olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu öz layiqli cəzasını aldı”.

*** 10:02
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar, İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Qeyd edək ki, ötən ay İranın məhkəmə-ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi.
Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.