Tayvanda gəmisi batan azərbaycanlı biznesmen kimdir? - FOTO

Bu gün səhər saatlarında Palau (Sakit Okeanda ada dövləti) bayrağı altında üzən və azərbaycanlı iş adamına məxsus vkonteyner gəmisi Tayvanın Qaosyun limanı yaxınlığında batıb.

Xarici KİV xəbər verir ki, “Angel” gəmisi ötən axşamdan batmağa başlayıb. Limanı idarə edən Tayvanın TIPC beynəlxalq korporasiyası gəmini xilas etməyə çalışsa da, bütün cəhdlər boşa çıxıb. Nəticədə gəminin arxa hissəsi tamamilə suuyu altında qalıb və konteynerlərin çoxu dənizin dibinə batıb.

Gəminin ekipaj üzvləri təxliyə edilib. Səthdə üzən və su altında qalan konteynerlər digər gəmilərin hərəkəti üçün təhlükə yaratdığı üçün Qaosyun limanı müvəqqəti olaraq bağlanıb.

TİPC Çinin Dalian limanından Tayvan sahillərinə doğru hərəkət edən 1262 konteynerli gəminin ümumi çəkisinin 16 min tondan artıq olduğunu bildirib.

Bəzi məlumatlara görə, "Angel"in göyərtəsində çat əmələ gəlib. Kapitanın gəmini tərk etmək qərarına gəldiyi və bunun üçün on doqquz ekipaj üzvünə xilasedici qayıqları işə salmağı əmr etdiyi bildirilir. Tayvan Sahil Mühafizə Xidmətinin isə ekipajın köməyinə iki qayıq göndərdiyi bildirilir.

Daha sonra batan konteyner gəmisinə kömək üçün bir neçə yedək gəmisi göndərilsə də, onlar gəminin sürətlə su altında qalmasının qarşısını ala bilməyiblə. "Angel"i xilas etmək cəhdləri fayda verməyib.

Bildirilir ki, 564 fut (təxminən 172 metr) uzunluğunda batmış konteyner gəmisinə az kükürdlü 500 ton yüngül dizel yanacağı yüklənib. Yanacağın sızmasından qorxan Tayvan səlahiyyətliləri gəminin ətrafında iki qoruyucu sədd quraşdırılmasını əmr edib.

Equasis-n məlumat bazasına əsasən, konteyner gəmisi 2023-cü ilin mayında Azərbaycanda fəaliyyət göstərən Navramar Shipping şirkəti tərəfindən satın alınıb və ona məxsusdur.

Navramar Shipping iki il əvvəl yaradılıb, o, Marşal adalarında qeydiyyatdan keçmiş, azərbaycanlı iş adamı Elşad Hacıyevə məxsus “Navramar International Trading and Shipping SA” şirkətinin törəmə şirkətidir. Navramar Shipping Avropa, Afrika və Asiya limanları arasında beynəlxalq yükdaşımaları həyata keçirir.

“Linkedin” saytında Elşad Hacıyevin 2017-2019-cu illərdə digər həmyerlimiz Mübariz Mənsimova məxsus “Palmali International SA” şirkətinin baş direktoru, 2018-2022-ci illərdə isə “Advixta” proqram təminatı şirkətinin sahibi və direktoru olduğu bildirilir.

Hacıyev 2021-ci ildən İsveçrənin Sparrow Analytics şirkətinin həmtəsisçisi və baş direktorudur./bakupost.az