Ali Məhkəmədə qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib və kassasiya şikayətini geri götürdüyünü deyib.
İttihama görə, hadisə 2020-ci il iyunun 16-da saat 04 radələrində Salyan rayonunun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında qeydə alınıb.
Belə ki, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 1995-ci il təvəllüdlü Abdullayev Rəşad Valeh oğlu tərəfindən güllələnib.
Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Rəşad Abdullayevin apellyasiya şikayətini qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib. Məhkum əməlinin tövsifi Cinayət Məclləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələrindən CM-nin 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Ali Məhkəmə kassasiya protestini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edilərək işi yeni apellyasiya baxışına təyin edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Məhkum 16 iyun 2020-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 5 ay 17 gün müddət təyin edilmiş 16 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 14 il 6 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilib./pravda.az