Rüşvətə görə işdən çıxarılmışdı - MƏHKƏMƏDƏ DƏ UDUZDU

Müəllimlərdən dərs saatlarına görə rüşvət alması səbəbindən işdən çıxarılan Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin məhkəmədə qaldırdığı iddia təmin edilməyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.

"Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Azər Arif oğlu Qazıyevin fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Azər Arif oğlu Qazıyev 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub. Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib".