Aprelin 16-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib. Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 15 nəfər həlak olub, 100 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı ölkə ərazisinə 19 ədəd “İskəndər-M” ballistik raketi, 20 ədəd X-101 qanadlı raketi, 5 ədəd “İskəndər-K” raketi və 659 pilotsuz uçuş aparatı buraxılıb.
Rəsmi məlumata əsasən, hava hücumundan müdafiə sistemləri 31 raket və 636 dronu zərərsizləşdirib. Bununla belə, bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hücumlar nəticəsində Ukraynanın müxtəlif bölgələrində çxlu sayda insan ölüb və yaralanıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb. Şəhər meri Vitali Kliçko bildirib ki, yaralananları xəstəxanaya yerləşdirilib. Kliçkonun sözlərinə görə, Podolsk rayonunda dron birbaşa 18 mərtəbəli yaşayış binasına çırpılıb.
Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb. Dnepr şəhərində isə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, şəhərdə inzibati binalar, yaşayış evləri, müəssisələr və avtomobillər zədələnib. Dnepr rayonunun Novoaleksandrovka icmasında isə fərdi evə ziyan dəyib, 14 yaşlı qız yaralanıb.
Bundan əlavə, Rusiya qüvvələri Nikopol, Pokrovsk, Mirovsk və Krasnoqriqoryevsk yaşayış məntəqələrini də atəşə tutub. Bu hücumlar nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb, çoxmərtəbəli binalara və fərdi evlərə ziyan dəyib.
Odessa şəhərində vəziyyət daha ağır olub Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb. Vilayət rəhbəri Oleg Kiper bildirib ki, şəhərdə liman, kritik və yaşayış infrastrukturu zərər görüb. Ən azı üç çoxmərtəbəli binada fasad və pəncərələr dağılıb, yataqxana və yaxınlıqdakı digər tikililər də zədələnib.
Xarkov şəhərində də pilotsuz aparat yaşayış binasının həyətinə düşüb, nəticədə avtomobillər yanıb. Vilayət rəhbəri Oleg Sinequbov bildirib ki, Nemışlyansk rayonunda 66 yaşlı kişi və 77 yaşlı qadın xəsarət alıb.
Son hücumlar fonunda Ukraynada mülki itkilərin artması və infrastrukturun hədəfə alınması müharibənin daha intensiv fazaya keçdiyini göstərir. Ekspertlər hesab edir ki, bu cür kütləvi zərbələr həm hərbi, həm də psixoloji təzyiq vasitəsi kimi istifadə olunur./azpolitika.info