ABŞ və İran arasında Pakistanda keçirilməsi planlaşdırılan yeni raund danışıqlar ərəfəsində Tehran Vaşinqtona öz ağır şərtlərini diktə edib.
CNN və "Axios"un yaydığı məlumata görə, İran tərəfi dialoqun davam etdirilməsi üçün xaricdə dondurulmuş təxminən 20 milyard dollar məbləğində aktivlərinin dərhal sərbəst buraxılmasını və sanksiyaların yumşaldılmasını tələb edir.
Vaşinqtonun masadakı təklifinə görə, İranın dondurulmuş 20 milyard dolları Tehrana qaytarıla bilər, lakin bir şərtlə: İran özünün yüksək dərəcədə zənginləşdirilmiş bütün uran ehtiyatlarını ölkədən çıxararaq ABŞ-ın nəzarətinə verməlidir.
Trampın ziddiyyətli mesajları: Prezident Donald Tramp sosial şəbəkələrdə "heç bir pul verilməyəcək" desə də, administrasiyanın daxilindəki mənbələr 20 milyard dolların qaytarılmasının yeganə çıxış yolu olduğunu bildirirlər. Tramp bu məbləği "nağd pul" kimi deyil, beynəlxalq bank hesablarında əlçatanlıq kimi təqdim etməyə çalışır.
İranın "Tasnim" agentliyi xəbər verir ki, Tehran rəsmiləri Hörmüz boğazındakı dəniz blokadası qaldırılmadan və 20 milyardlıq aktivlər açılmadan Pakistana nümayəndə heyəti göndərməyəcək. Onlar danışıqları "faydasız vaxt itkisi" adlandırırlar.
Pakistan ordusunun baş komandanı Asim Munirin Tehrana səfərindən sonra ABŞ-ın yeni təkliflər paketi İran Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. Lakin 20 milyard dolların qaytarılma mexanizmi tərəflər arasında hələ də "daş qayaya rast gəldi" vəziyyətini saxlayır./musavat.com