Aytənin 25 yaşı var. 7 il ağır narkotik istifadə edib. Elə narkotikə də “ağır”la başlayıb.
Müsahibimiz deyir ki, 11 yaşından nənəsinin himayəsində böyüyüb. Atası narkotik istifadəçisi olub. Tez-tez həbsxanaya düşüb-çıxıb. “Atam mən dünyaya gələn günü də tutulub, 1 yaşımda həbsdən çıxıb”, - deyən Aytən bildirir ki, atasının narkoman olması anasının onları tərk etməsi ilə nəticələnib: “Mənim 11 yaşım olanda anam bizi tərk etdi”.
Aytən deyir ki, azyaşlı vaxtlarından spirtli içki qəbul etməyə başlayıb. Sonra, təxminən 15 yaşından narkotikə meyl edib. Özü də ilk dəfədən “ağır” narkotik istifadə edib.
Həmsöhbətimiz qeyd edir ki, atası həbs olunduqdan sonra özündən 1 yaş kiçik qardaşı ilə birgə nənəsinin yanında yaşamağa başlayıblar. Ailənin bütün yükü nənəsinin üzərinə düşməsin deyə, 13 yaşından o da işləməyib. “13 yaşından halal zəhmətlə qazanmaq üçün insanların evini yığışdırırdım”, - deyən Aytənin sözlərinə görə, nənəsi rəhmətə gedəndən sonra onların çətin günləri başlayıb. Çünki, faktiki olaraq kimsəsiz qalıblar.
Lakin, özünün təbirincə desək, “qoruyucu mələyi” ona sahib çıxıb və rəsmi olaraq nigah bağlamasalar da, 15 yaşından ər-arvad kimi birgə yaşamağa başlayıblar: “Nənəm öləndən sonra həmin şəxs bizə qapı açdı ki, gəlin, mən sizə baxım. Mən düşünmədəm razı oldum. Elə bilirdim ki, məni qoruyan mələkdir...”.
Aytən deyir ki, tanış olduğu şəxslə birgə yaşayış zamanı onun narkotik istifadəçisi olduğunu bilib. Tədricən o da narkotik aludəçisinə çevrilib.
Hazırda “Sağlam Addım” Reabilitasiya Mərkəzində müalicə alan Aytən artıq 5 aydır “ayıqdır”. O, özünün həyat hekayəsini “Stop Narkotik”lə bölüşüb.
Buyurun, izləyin, verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.
Stopnarkotik.az