Putin üsyandan sonra Priqojinlə görüşdü - NƏLƏR DANIŞILIB? / YENİLƏNİB

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə üç saata yaxın görüş keçirib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin Priqojin və “Vaqner”in komandirləri ilə görüşdə şirkətin cəbhədəki fəaliyyətini və 24 iyun hadisələrini qiymətləndirib, həmçinin komandirlərin izahatlarını dinləyib və onlara işə qəbul və döyüş variantları təklif edib. “Vaqner” komandirləri Putinə 24 iyun hadisələri ilə bağlı öz versiyalarını təqdim ediblər. Qeyd ediblər ki, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləridir", deyə Kremlin mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, görüşdə 35 nəfər iştirak edib.

***11:47

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən xəbər verib.

Bildirilir ki, iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd olunur ki, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.

Prezidentlə “Vaqner” təsisçisi arasında konkret nə müzakirə edildiyi məlum deyil.

Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib./oxu.az