Polşada azərbaycanlı tələbələrə hücum edilib? - AÇIQLAMA

Sosial şəbəkələrdə Polşada azərbaycanlılara, xüsusilə də tələbələrə qarşı hücumlar olması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində əcnəbilərə, həmçinin azərbaycanlılara qarşı irqçi münasibət göstərilir.

Stopnarkotik.az bildirir ki, modern.az iddia ilə əlaqədar olaraq Polşa Azərbaycanlıları Koordinasiya Şurasının icraçı direktoru Yusif Məmmədovla əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, Polşada hazırda miqrantlara qarşı fiziki hücumlar edilmir:

"Bir müddət əvvəl Polşanın başqa bir şəhərində millətçi partiyanın tərəfdarları icazəli mitinq keçiriblər. Buna səbəb isə Argentina vətəndaşının içki şüşşəsi ilə polyak vətəndaşı öldürməsi olub. Mitinq polisin nəzarətində keçirilib. Bu zaman Asiyadan, Banqladeş və Hindistandan gələn miqrantların yaşadığı hotelə hücum edilib. Lakin bu hücum silah və ya digər vasitələrlə baş tutmayıb. Polis tərəfləri ayırıb. Burada baş verən hadisələrin fotosunu birləşdirərək, guya azərbaycanlılara qarşı hücumların, təzyiqlərin olduğu ilə bağlı məlumatlar paylaşılıb. Belə başa düşdük ki, polyak dilini başa düşməyən tələbələr xəbəri səhv başa düşüb, belə paylaşımlar ediblər. 100 faiz sizi əmin edirəm ki, Varşava və digər böyük şəhərlərdə azərbaycanlılara qarşı hücumlar olmayıb. Hazırda belə bir aktivizm müşahidə edilmir. Hotelə hücum edilən Dijavu şəhərində heç azərbaycanlılar yaşamır".  

Yusif Məmmədov soydaşlarımıza çağırış da edib:

"Qətl hadisəsindən sonra özünü “ictimai polis” adlandıran bir qrup polyakın keçirdiyi aksiyalar azərbaycanlılara və ya hər hansı xüsusi etnik qrupa qarşı deyil. Aksiyalarda bəzi radikal hərəkətlər və irqçi şəxslər olsa da,  hansısa icmaya və ya azərbaycanlılara qarşı xüsusi bir məqsəd daşımır.  Soydaşlarımızdan xahiş edirik ki, bu kimi əsassız iddialara və etibarsız mənbələrdən gələn xəbərlərə inanmasınlar.  Hər hansı məlumat lazım olduqda yalnız rəsmi mənbələrə, konsulluq və rəsmi təşkilatlara müraciət etmələrini tövsiyə edirik. Sosial şəbəkələrdə yayılan və yanlış yönləndirilən fotoların azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. Bu foto argentina vətəndaşı tərəfindən öldürülən polyak şəxsə məxsusdur.

Bu cür mitinqlər icazəli olur və əvvəlcədən bilinir. Lakin, aksiya iştirakçılarının sayı çox olduğu üçün belə bir hadisə baş verərsə, polisin tam vaxtında, hər yerdə və hər kəsi qoruya bilməyəcəyini də unutmayın.  Baş verəcək hadisələrdən heç kimin təminatı yoxdur. Buna görə də, mitinqlərlə bağlı xəbər aldıqda evdə qalmağınız və zərurət olmadıqca çölə çıxmamağınız tövsiyə olunur".