"Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Qərb platformasında (Brüssel) baş tutarsa, İrəvan hökumətinin rəhbəri Nikol Paşinyan "Nobel Sülh Mükafatı"na təqdim oluna bilər."
Stopnarkotik.az xəbər verir ki, bu barədə TV Musavat-a diplomatik qaynaqlardan məlumat daxil olub.
Məlumatda iddia olunur ki, hətta Ermənistanın Baş naziri Nikol Paşinyana Qərb koalisiyası adından xüsusi "Nobel" vədi verilib. Burada məqsəd sülh müqaviləsi imzalamağa vadar olan Nikol Paşinyanı erməni xalqının və dövlətinin xilaskarı kimi göstərmək, onun zədəli reytinqini bərpa edərək, hakimiyyətdə qalmasını təmin etməkdir.
Eyni zamanda Rusiyanı bu prosesdən kənarlaşdırmaq, sazişi Qərb paytaxtlarının hakimliyi altında imzalamaq da əsas hədəflərdən biridir.
Məhz bu perspektivi ideologiyalaşdırmaq üçün Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə dezinformasiya paketi dövriyyəyə buraxılıb. Belə bir "dramatik" situasiyada Paşinyanın sülh bağlamağa nail olması onun xüsusi xidməti, diplomatik və siyasi qabiliyyətləri kimi təqdim olunacaq. Eyni zamanda, Qərbin (ABŞ - Fransa, Aİ) Ermənistanı Rusiya və Azərbaycanın caynağından qurtarmaq əfsanəsi də uydurulacaq.
Ermənistanın işğalçı siyasəti ilə başlamış konflikt son 65-70 ilin ən qanlı və uzunömürlü etnik münaqişəsi sayılır. Bu münaqişə zamanı Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altına düşmüş, 35 min şəhid vermişik. 1 milyona yaxın vətəndaşımız qaçqın düşüb, onların əmlakları talan edilib, evləri sökülərək, xarabaya çevirilib.
30 ilə yaxın davam edən işğal 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə 1 günlük antiterror tədbirləri ilə azad edilib.
Yəni əslində, Azərbaycan öz torpaqlarında separatizmi bitirməklə, münaqişəyə son qoyub və sülhü təmin edən yeganə tərəf olub.
Belə bir halda Qərb paytaxtlarının Nikol Paşinyanı sülh təminatçısı kimi təqdim etməyə hazırlaşması absurd və yalan əsaslıdır.
"Nobel Sülh Mükafatı" dünyada sülh və əminamanlıq uğrunda əmək sərf edən, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Nikol Paşinyan işğalçı bir dövlətin başçısı olaraq, iki ölkə arasında sülh yaranması üçün heç bir xidmət göstərməyib. Tam əksinə, "Qarabağ Ermənistandır, nöqtə" şüarının müəllifi olaraq, ölkəsini və Azərbaycanı qanlı müharibəyə sürükləyən bir savaş suçlusudur.
Əgər iki ölkə arasında sülh müqaviləsi imzalanarsa, burada ən azından hər iki tərəfin rolu barədə danışmaq olar. Qiymətləndirmə də birtərəfli ola bilməz və olmamalıdır.
Konkret sülh müqaviləsinin imzalanması imkanlarına gəldikdə isə...
Əgər Qərb məsələni "Paşinyana Nobel" şəklində qoyursa, o zaman çox gözləməli olacaq.
Azərbaycan özünün torpaq və sərhəd bütövlüyünü təmin edib, separatizmi bitirib, düşmən ordusunu darmadağın edib. Hazırda ölkəmiz Ermənistana baxanda hərbi və siyasi komfort içərisindədir. Bu komfortu pozub, Paşinyana "Nobel komfortu" yaşadacaq addımları atmağa məcbur deyilik...
QEYD: 2020-ci ilə kimi Sülh üzrə Nobel mükafatı 107 şəxs və 28 təşkilata verilib.