Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma, hazırlama, emal etmə) maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Kənan Cəmaləddin oğlunun məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az-ın məlumatına görə, ilk olaraq şahid qismində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili ifadə verib. Şahidin ifadəsindən sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə tərəflərin fikirlərini öyrənib. Sonra dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib və Kənan İsmayılovun məhkəmə zalından həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Kənan İsmayılov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sonra hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Kənan İsmayılov məhkəmə zalından həbs olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Kənan İsmayılov Nəsimi Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb və barəsində 234.1-1-ci maddəsi ilə cinayət işi başlanıb./"unikal"