Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qıraqlı və Soltanabad kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Hikmət Vəliyev və digər iştirakçılar dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıblar. Bildirilib ki, bütün təhsil müəssisələrində şagirdlərlə bu istiqamətdə görüşlər keçirilir, gələcəyimiz olan fidanlara zərərli maddələrin mənfi cəhətləri barədə geniş məlumatlar verilib. Həmçinin, ölkə ərazisində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində keçirilən qətiyyətli əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur.
Görüşlər zamanı şöbə rəisi Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə fərqlənərək ikinci yerin sahibi olan Soltanabad kənd məktəbinin 10-cu sinif şagirdi Aysel Səfərovanı təbrik edərək hədiyyələr təqdim edib və təhsilində uğurlar arzulayıb.
Stopnarkotik.az