Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Masallı Dövlət Regional Kollecin tələbələri ilə maarifləndirici görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, Masallı Gənclər Evində keçirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı barışmaz və qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib.
Görüşdə həmçinin, erkən nikahların fəsadlarından, bu neqativ halın gələcəkdə səbəb ola biləcəyi ağır nəticələrdən, cəmiyyətə neqativ təsirlərindən söz açılıb.
Sonra digər aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müzakirə olunan mövzularla bağlı videoçarx izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Stopnarkotik.az