Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov ifadə verib.
O bildirib ki, yoxlama zamanı üzə çıxan neqativləri maliyyə xidmət rəisləri və təftişə gələnlər arasında həll edirmişlər: “Hərbi hissələrin illik maliyyə smetası müəyyən olunurdu. Bizə ayrılan illik maliyyə xərclərə kifayət edir, yekunda həmin pullardan artıq da qalırdı. Təftişə verilən və maliyyələşməyə qalan pulların faizləri köhnə qayda ilə müəyyən olunurdu. Bu sistem 1993-cü ildən belə idi”.
Müttəhim Rəşad Məlikzadə bildirib ki, xüsusi tapşırıqlar əsasında müəyyən miqdarda vəsaitləri digər zabitlərə də verib. Bu tapşırıqları ona Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfovdan alıb.
“Təftiş vaxtı Rafael Xələfovu tapmaq olmurdu. O, 11 ayın sultanı kimi 12-ci ayda yoxa çıxırdı. Nizami Məmmədovdan hər hansı bir göstəriş almamışam,”- R. Məlikzadə deyib.
Nizami Məmmədov əlavə edib ki, maliyyə və təftişə veriləcək pulların faizləri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin əvvəlki rəisi Namiq Poladovun vaxtında da elə olub: “Mən vəzifəyə təyin olunanda maliyyələşmənin bu məsələdən kənarda qalmamasını və puldan 20 faiz verilməsini tapşırmışdım. Rəfael Xələfov Rəşad Məlikzadədən təftişə vermək adı ilə pul alıb, lakin sonra onun pulu təftişə vermədiyini müəyyən etmişik”.
R.Məlikzadə istintaqda 1 milyon 615 min manat pulun xüsusi tapşırıqla mənimsənildiyini bildirib. Nizami Məmmədov məhkəmədə buna cavab olaraq bildirib ki, xüsusi tapşırıqları R.Məlikzadəyə özü verib və həmin pullar da ona çatıb. Xüsusi tapşırıqla mənimsənilən pulları büdcəyə qaytarıb.
O, həmçinin əlavə edib ki, maliyyə xidmət rəislərinin Rafael Xələfovla problemləri olub. R.Xələfov pulu alıb lakin maliyyə rəislərinə verməyib.
Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
9.369.411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur./report