Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən Rəcəb Məmmədovun cinayət işi üzrə təfərrüatlarə məlum olub.
Hadisə Suraxanı qəsəbəsində baş verib. İttihama görə, Rəcəb Məmmədov evində yeyib-içmək məclisindən sonra münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
İş üzrə dindirilmiş Rəcəb Məmmədov ifadəsində göstərib ki, iyun ayının 24-də günortadan sonra Fərhad Mehdiyevi yaşadığı evin arxasındakı marketin yanında görüb. Birlikdə küçə ilə gedərkən Kristina, Mixayil və Aleksandrla rastlaşıblar. Binanın qarşısında oturub spirtli içki içəndən sonra Rəcəb tanışlarını evinə dəvət edib.
Təxminən saat 21:00-dək spritli içki qəbul ediblər. Fərhaddan başqa hamısı çıxıb gedib. Stolda yatıb qalan Mehdiyevi oyadıb, ona evə getməsini deyib. Yuxudan oyanan Fərhad ona təcili pul lazım olduğunu söyləyib. Rəcəb pulu olmadığını bildirdikdə Fərhad telefonunu satmasını təklif edib. Bundan bərk əsəbiləşən Rəcəb oturduğu divandan qalxıb, dəhlizə keçərək əli ilə qapını göstərib və evindən rədd olmasını tələb edib. Söyüş söydüyünə görə yumruqla Fərhadın sifətinə iki zərbə vurub. O, bərk sərxoş olduğundan ayaq üstə çətinliklə dayanıb. Mehdiyev masanın üstündəki bıçağı götürüb, onu vurmaq istəyərkən əlini burub, kəsici aləti alıb boğaz nahiyəsinə və bədəninin digər hissələrinə xəsarətlər yetirib.
Fərhad üzü üstə dəhlizdə hərəkətsiz vəziyyətdə qalıb. Qorxusundan nə edəcəyini bilməyib.
Gecə saat 3-ə kimi evdə oturub. Özünə gələndən sonra mobil telefonla "102" xidmətinə zəng edib, adam öldürməsi barədə məlumat verib.
Lakin iyulun 13-də, avqustun 5-də və noyabrın 29-da Rəcəb Məmmədov ifadələrini dəyişərək Fərhad Mehdiyevi öldürmədiyini, həmin axşam mübahisə etdikləri vaxt Aleksandr Karuxinin geri qayıtdığını, bundan sonra özünün divanda yatdığını, saat 3 radələrində yuxudan ayıldıqda isə qapının açıq, paltarlarının qan, Mehdiyevin meyitinin dəhlizdə olduğunu bildirib.
Noyabrın 29-da Rəcəb Məmmədova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Buna baxmayaraq tutulan şəxs öz müdafiəsi üçün dəlillər gətirərək ifadələrində Fərhad Mehdiyevi qətlə yetirmədiyini qeyd edib.
Lakin iş üzrə toplanmış sübutlarla Aleksandr Karuxinin törədilmiş cinayətə aiddiyəti olmadığı müəyyən edilib.
Məhkəmə prosesində Rəcəb Məmədov ittiham üzrə özünü təqsirli bilməyib.
Sonda məhkəmənin hökmü ilə Rəcəb Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rəcəb Məmmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rəcəb Məmmədovun şikayəti qismən təmin edilib. Onun cəzası 14 ilə endirilib.
Bu qərardan narazı qalan Rəcəb Məmmədov kassasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu qeyd edib.
Rəcəb Məmmədovun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Rəcəb Məmmədovun kasasiya şikayəti təmin olunmayıb./olke.az