Mask Ağ Evdə narkotikdən istifadə edib? - TRAMPDAN AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp, amerikalı sahibkar İlon Maskın DOGE-ni (Federal hökumətin işinin səmərəliliyini artırmaq üzrə agentliyi) kurasiya etdiyi dövrdə Ağ Evdə narkotik maddə qəbul etmədiyinə ümid etdiyini bildirib.

Bu barədə xarici KİV yazıb.

“Mən əslində bunu dəqiq bilmirəm, ümid edirəm ki, o narkotik qəbul etməyib”, – deyə Tramp jurnalistin bu barədə sualına cavab verib. 

“Maska uğurlar arzulayıram. Bildiyiniz kimi, aramızda yaxşı münasibətlər olub. Mən sadəcə ona yaxşılıq arzulayıram”, – deyə o əlavə edib.

Xatırladaq ki, "The New York Times" daha əvvəl adını açıqlamadığı mənbələrə istinadən yazmışdı ki, Mask Trampın seçki kampaniyası zamanı narkotik maddələrdən istifadə edib.

Jurnalistlər Trampdan həmçinin İlon Maskla ABŞ maliyyə naziri Skott Bessentin Ağ Evdə dalaşması haqda xəbərləri soruşublar. The Washington Post-un yazdığına görə, bu insident aprel ayında baş verib.

Tramp cavabında deyib: “Xeyr, görməmişəm. Bildiyim qədərilə, onların arasında mübahisə olub. Amma ciddi fiziki qarşıdurma müşahidə etməmişəm.”

Trampın keçmiş baş strateqi Stiv Benonun dediyinə görə, dava ABŞ Vergi Xidmətinin rəhbəri vəzifəsinə namizədliklə bağlı fikir ayrılığından yaranıb. Belə ki, Trampın iştirakı ilə keçirilən müşavirədə prezident Bessentin arqumentləri ilə razılaşıb. Müşavirədən çıxan Mask və Bessent dəhlizdə söz atışmasına başlayıblar.

Benonun sözlərinə görə, Mask Bessenti çiyni ilə itələyib, nazir isə cavab olaraq yumruq atıb və onu “fırıldaqçı” adlandırıb.

Hadisəyə bir neçə nəfər müdaxilə edərək tərəfləri ayırıb. 

Xatırlaadq ki, 2025-ci il iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə sərt ifadələrlə hücum ediblər.

İlon Mask bəyan edib ki, Tramp 2024-cü ilin noyabr seçkilərində onun dəstəyi olmasaydı, qalib gələ bilməzdi. O, həmçinin Trampa impiçment elan edilməsinin mümkünlüyünü dəstəkləyib, prezidentin təşəbbüsü ilə təqdim olunan dövlət xərclərinin azaldılması qanun layihəsini və idxal rüsumlarının artırılmasını tənqid edib. Mask, həmçinin 2025-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında tənəzzül olacağını proqnozlaşdırıb.

Tramp isə cavab olaraq bildirib ki, Mask DOGE qurumuna rəhbərlik etdiyi dövrdə məsuliyyətli işləməyib və "dəli kimi davranmağa başlayıb". O, əlavə edib ki, dövlətin Maskın şirkətləri, o cümlədən SpaceX ilə olan müqavilələrinə xitam verə və bütün subsidiyaları ləğv edə bilər./bizim.media