Azərbaycan Konstitusiya Məhkəməsinin dünən dərc olunan qərarına əsasən vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.
Qərarda bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Azərbaycanda İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri zamanı həyat sığortası tələb olunur (red : 20-ci sual). Bu, şəxsin həyatının və ya əmək qabiliyyətinin itirilməsi halında kredit müqaviləsi üzrə qalıq borca bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənzil şəxsin mülkiyyətində (və ya sizin varislərinizin mülkiyyətində) qalacaq, kredit borcunuz isə tam ödəniləcək.
Bəs, Konstitusiya Məhkəməsinin yeni qərarı kimlərə şamil olunur? Həyat sığortası olanların da vərəsələri ipoteka kreditlərini ödəyəcəklər?
Hüquqşunas Əkrəm Həsənov AzVision.az -a açıqlamasında Konstitusiya Məhkəməsinin cəmiyyətdə çaşqınlıq yaradan ipoteka krediti qərarına aydınlıq gətirib.
- İpoteka daşınmaz əmlakın girovudur. Daşınmaz əmlak ev, torpaq, mənzil və avtomobildir. İpotekanı evini təmir etmək, biznes qurmaq və ya başqa nəsə etmək üçün götürə bilərsən. Bir sözlə hansı səbəblə götürülməsindən asılı olmayaraq, əmlakı bank kreditinə girov qoyursansa, bu, ipotekadır.
İpoteka krediti isə elə bir növdur ki, bunu ev almaq üçün götürürsən və onu da girov qoyursan. Burada məqsəd biznes və başqa məqsədlər deyil. Bu krediti Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu verir. Lakin bəzi banklar da öz hesabına belə kreditlər verir. Kredit götürən zaman şəxsin həyat sığortasını bank tələb edə və etməyə bilər. Amma İpoteka və Kredit Zəmanət Fondu bunu hər zaman tələb edir. Çünki onun verdiyi kreditin müddəti uzundur və şəxsin ölmək ehtimalı var. Bu halda sabah həmin şəxs ölərsə, o pulu sığorta şirkəti ödəyəcək, əmlaka dəyilməyəcək və vərəsələrindən də heç nə istənilməyəcək -, Əkrəm Həsənov deyib. Eyni zamanda əlavə edib ki, həyat sığortası başqa kreditlər üzrə də ola bilər.
- Azərbaycanda banklar tərəfindən verilən başqa kredit növlərində həyat sığortası tələb edilmir. Konstitusiya məhkəməsinin qərarı bu hallar üçündür və bu, yeni deyil.
Məsələn, mən evimi başqasının krediti üçün girov qoyuram. Həmin şəxs krediti ödəyə bilməyəndə, bank məhkəməyə verir, evi hərraca çıxardıb satdırır və pulunu götürür. Krediti götürən ölərsə, yenə həmin prosedur olacaq. Konstitusiya Məhkəməsi bu kimi hallarda yaranan suala cavab verir. İkinci məsələ, ölən şəxsin vərəsələləri ilə bağlıdır. Vərəsə ölən şəxsin ailə üzvləri deyil, onun əmlakını, mirasını qəbul edəndir. Vərəsə ölən şəxsin borclarına görə qəbul etdiyi əmlak həddində məsuliyyətlidir. Ölən şəxsin 50 min borcu var, qoyduğu evin qiyməti isə 100 min manatdır. Onun 50 min borcunu verəcək. Amma əksinə, ölən şəxsin borcu 100 min, evinin qiyməti 50 mindirsə, bu zaman vərəsə onun 50 minlik hissəsini ödəyəcək. Qalan borc isə itir. Burada qeyri-adi heç nə yoxdur.
Sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı həyat sığortası olmayan hallarla yanaşı, məbləğin tam sığortalanmadığı kreditlərə də şamil olunur:
“Yəni qərarda qalan kredit hissəsinin kimin verəcəyi sualına aydınlıq gətirilir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlərdə həyat sığortası məbləğə uyğun edilir. Lakin həyat sığortası götürülən məbləğdən az olduqda qalan hissə vərəsə tərəfindən ödənilir. Məsələn, şəxs 100 min manatlıq ipoteka götürüb və 50 minlik hissəsi üçün həyat sığortası elətdirib. Şəxs öldükdə 50 minlik hissə sığorta tərəfindən veriləcək, qalan borc isə artıq onun vərəsəsinə ötürülür. Vərəsə həmin borcu ödəməlidir”, ekspert vurğulayıb.