İsrail İranda hansı nöqtələri hədəf alacaq? - ABŞ mətbuatı açıqladı

Tehranın oktyabrın 2-dəki hücumuna cavab verməyə hazırlaşan İsrailin İrandakı hansı nöqtələrə zərbə endirəcəyi məlum olub.

ABŞ-nin “The New York Times” (NYT) nəşrində yayımlanan məqaləyə görə, İrana hücum edəcəyi gözlənilən İsrail ilk mərhələdə nüvə obyektlərini hədəfə almaqdansa, hərbi bazaları və bəzi kəşfiyyat qurumlarının kampuslarını vuracaq.

Yazıda İranın nüvə obyektlərinin ilk mərhələdə İsrailin hədəfi olmayacağı qeyd olunub və bildirilib ki, İran əks-hücum cəhdləri ilə gərginliyi artırarsa, bu hədəflərə də zərbələr endirilə bilər.

Qeyd edək ki, bundan əvvəl İsrail mediası iddia etmişdi ki, Təl-Əviv İranın hücumuna cavab olaraq ölkənin neft və nüvə obyektlərini, o cümlədən İran lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahını, Prezident aparatını və SEPAH-ın Baş Qərargah binasınə hədəfə ala bilər.

İranın hərbi rəsmiləri isə öz növbəsində İsrailin təhdidlərinə cavab olaraq istənilən hücuma İsrailin bütün enerji obyektlərini və infrastrukturunu hədəf alaraq cavab verəcəklərini açıqlayıb./azpolitika.info