İsrail Müdafiə Qüvvələri (İMQ) iyul ayında Colan təpələrindəki futbol meydançasına hücumu təşkil edən “Hizbullah” komandiri Heydər əl-Şabianın məhv edildiyini açıqlayıb.
Bu barədə “Sky News” ordu mətbuat xidmətinin bəyanatına istinadən bildirib.
“Dünən, kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Məcdəl-Şəmsdəki hücuma görə məsuliyyət daşıyan terrorçu Heydər əl-Şabianı məhv edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, Heydər əl-Şabia “Hizbullah” təşkilatında Hardov bölgəsinə komandanlıq edirdi, o həmçinin Hardov bölgəsində, Hermon dağında və şimali Colan təpələrində İMQ-nin mövqelərinə yüzlərlə raket və tankəleyhinə raket atışlarına görə məsuliyyət daşıyırdı.
“Hizbullah” İsrailin bu açıqlamasını hələlik şərh etməyib.
Xatırladaq ki, iyulun 27-də “Hizbullah” yaraqlıları Colan təpələrindəki Məcdəl-Şəms şəhərinə zərbə endiriblər, nəticədə 12 uşaq həlak olub./report