İsmayıllı rayonunda avto-qəzada sürücü və sərnişin öldü

İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü İlqar Süleymanov və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər. İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az