İlham Əliyevdən məktəbəqədər təhsillə bağlı FƏRMAN

Azərbaycanda məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modeli tətbiq olunacaq.

Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq ediləcək.

Sənədə görə, bu model çərçivəsində dövlət dəstəyinin maliyyələşdirilməsi hər il dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabinetinə üç ay müddətində yeni maliyyələşmə modelinin tətbiqi qaydasını təsdiq etmək və bu barədə Prezidentə məlumat vermək tapşırılıb. Həmçinin fərmandan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunub.

Elm və Təhsil Nazirliyi isə hər növbəti maliyyə ili üzrə modelin tətbiqi üçün tələb olunan vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Yeni mexanizmin əsas məqsədi məktəbəqədər təhsilin əlçatanlığını artırmaq, bu sahədə özəl sektorun iştirakını genişləndirmək və uşaqların bağçalara cəlb olunma səviyyəsini yüksəltməkdir.