“Əgər mən bilsəydim ki...” - Namiq Babayev idmançının ona hücumundan danışdı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücum qalaraq çənəsinin sındırılması ilə nəticələnən hadisənin detallarını açıqlayıb.

Stopnarkotik.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o yaxın ətrafına bildirib. 

Namiq Babayev bildirib ki, Rəvan Nəbizadə ona qəflətən yumruq atıb: “Əgər mən bilsəydim ki, o məni vuracaq o zaman tədbir görərdim. Rəvan Nəbizadə Vətən Müharibəsinin qazısı olduğunu bildirərək ona əlillik dərəcəsi verilməsini tələb edirdi. Lakin bunu çox qeyri-etik formada həyata keçirməyə çalışırdı.

Qəbul otağında böyük səs-küy yaratmışdı. Həmçinin  nümayişkaranə şəkildə vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə deyil, gəlib Agentliyin xanım əməkdaşının yerində əyləşdi.

Mən ona yaxınlaşdım və çox sakit şəkildə izah etməyə başladım ki, narahat olmasın, bizim üçün müharibə iştirakçılarının, qazilərin müraciətləri prioritetdir. Əgər onun müraciəti əsaslı olarsa 100 faiz köpmək edəcəyimi bildirdim. Amma o gözləmədiyim halda mənə yaxınlaşdı və yumruq vurdu. Mən əvvəlcə elə bildim sadəcə dişim qırılıb. Sonradan məlum oldu ki, çənəm qırılıbmış. Hətta bununla kifayətlənməyib ikinci dəfə daha güclü bir zərbə vurdu. 

Mən ona qarşı heç bir kobudluq etmədim. Çox mədəni şəkildə dinlədim və cavab verdim. Hətta məni vurduqdan sonra da öz təmkinimi qorudum”

Bildirək ki, hadisə nəticəsində Namiq Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb və bu günlərdə əməliyyat olunub.

R.Nəbizadə isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.