DYP bu şəxslərə müraciət etdi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən Stopnarkotik.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq. Unuduruq ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır".

BDYPİ-in müraciətində qeyd edilib ki, hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq.