Qaxda baş verən hadisə ilə bağlı DSMF məlumat yayıb.
Bildirilib ki, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib.
“Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”.
*** 23:56
Qaxda 53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
Stopnarkotik.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Ləkit kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiq oğlunu vurub.
Ağır bədən xəsarətləri alan N.Həsənov hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, piyadanın ölümünə səbəb olan “Xəzər” markalı avtomobili Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru, Zaqatala sakini Turan Əsədov idarə edib.
Faktla bağlı araşdırma aparılır.