“Artıq orta məktəblərdə azyaşlı oğlan və qızlar da narkotik istifadəsinə təhrik olunur. Məktəblərin ayaqyollarında iynələrə rast gəlinir. Bədbəxtçilikdən hətta qızlar üçün nəzərdə tutulan ayaqyollarında da bunu görmək olur”.
Bu fikirləri Stopnarkotik.az saytına açıqlamasında yazıçı-publisist Faiq Balabəyli bildirib. O, hesab edir ki, bu problemin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır: “Sözsüz ki, narkomaniyadan qurtulmaq çox çətindir, amma mümkündür. Yeniyetmə və gənclər təsir altına çox tez düşürlər. Ona görə də dövlət rəhbərliyi, nazirliklər, eləcə də ayrı-ayrı strukturlar bu istiqamətdə mühüm işlər görməlidir. Onlar çalışmalıdırlar ki, yeniyetmə və gənclərimiz pis vərdişlərə gətirib çıxaracaq nəsnələrin təsirinə deyil, yaxşı işlərin təsirinə düşsünlər”.
Tanınmış yazar hesab edir ki, ilk növbədə televiziyaların gəncləri narkomaniyaya meylləndirən verilişlərinə son qoyulmalıdır: “Bir halda ki, Azərbaycan televiziyaları ucuz şou proqramlar, primitiv, süjet xətti olmayan seriallar yayımlayır, gənclər dolayı yolla narkomaniyaya təşviq edilir, bu xəstəlik daha çox yayılacaq. İşsizlik, ucuz yolla varlanmaq ehtirası, qonşu dövlətlərdən transfer olunan narkotik maddələr və onların Azərbaycana gətirilməsinin, sərhədlərimizi keçməsinin də fəsadları az olmur. Artıq orta məktəblərdə azyaşlı oğlan və qızlar da buna təhrik olunur. Məktəblərin ayaqyollarında iynələrə təsadüf olunur. Bədbəxtçilikdən hətta qızlar üçün nəzərdə tutulan ayaqyollarında da bunu görmək olur. Odur ki, yeni iş yerlərinin açılması, gənclərin əməyə, mütaliyəyə, tədrisə cəlb olunmaları bunun qarşısını ala bilər”.
F.Balabəyli bu fikirdədir ki, nə qədər qəribə də olsa, narkomaniyanın yayılmasında həbsxanalar da az rol oynamır: “Bəzən mərdi qova-qova namərd edirlər. Cəzalardan bəhs edirik, amma cəzaçəkmə müəsisələrində narkotik daha sərbəst və maneəsiz yayılır. Dəhşətdir, necə olur ki, “ağ ölüm” həbs evlərinə də gəlib çıxır? Kim yaradır bu şəraiti? İki-üç “barıqa” “malları” xırd edir və çox böyük hörmət sahibi olurlar. Mən “Bayıldan bayıra” kitabımdakı hekayələrdə bundan bəhs etmişəm, adları ilə, heç nəyi azaltmadan və şişirtmədən yazmışam. Gözlərimin qarşısında baş verirdi.
Hətta mən və ağdamlı dostum Aqil Əliyev 10 saylı CÇM-də bir neçə nəfəri bu pis əməldən çəkindirə bildik. Lakin onlar azadlığa çıxdıqdan sonra yenə də köhnə tanışları və dostları tərəfindən bu iyrənc həyata qaytarıldı, bədbəxt oldular, dünyalarını dəyişdilər. Bunun mexanizmini düşünmək lazımdır ki, necə edək, narkotik əlçatmaz olsun?! Ölkə sərhəddinə fikir verilməlidir, gömrük əməkdaşları və sərhədçilərimiz öz işlərində daha ciddi olmalıdırlar. Bütün bəlalar elə bu sahədəki boşluqdan irəli gəlir”.
Yazıçı-publisist deyir ki, narkomaniyanın qarşısının alınmasında maarifləndirmə əsas rol oyanaya bilər: “Düzdür, narkomaniyaya qarşı mübarizə gücləndirilir, QHT-lər bu işə cəlb olunur, dövlətin xüsusi proqramı və layihələri var, amma nədənsə bu bəla artır, azalmır. Bəli, indiki cəzalar çox yüngüldür, 3-4, 5-10 il həbs cəzası verilir, içəridə də bu pis əməl vüsət almaqdadır. Narkotik satan adamlara daha ağır cəza növü tətbiq edilməlidir.
Zaman keçdikcə narkotik istifadəçisində bütün müqəddəslərə qarşı laqeydlik yaranar. Onlarda Ana, Vətən, millət, ailə sevgisi yox olur.
İrandan Azərbaycana narkotika gəlir, amma orada narkotik satışı ilə məşğul olanların edam olunduğunu da eşidirik”.
Faiq Balabəylinin fikrincə, narkomaniyanın qarşısını almaq üçün nüfuzlu insanların da dəstəyindən faydalanmaq olar: “Hər kəsin nüfuzundan faydalanmaq olar. Lap əmək qəhrəmanlarının, fermerlərin, idmançıların… İndiki bəzi müğənnilər gənclərə pis nümunədirlər. Xüsusilə xanım müğənnilərin bəziləri, gəncdirlər və xususi diqqət, qayğı ilə əhatələnirlər… Yeniyetmə qızların da bu həyata meylləri artır. Həm də elə onların hərəkətləri, “sənətə” gəlişləri narkomaniya qədər qorxulu və pis vərdişlərə köklənməkdir”.
Tanınmış yazar bu fikirdədir ki, yeniyetmə və gənclərimizi narkomaniyadan uzaq tutmaq üçün xüsusi filmlər çəkilməli, sənədli verilişlər hazırlanmalıdır: “Orta məktəbdən, kiçik yaşlarından gənclərimizi daha düzgün yöndə tərbiyə etməli, onları maraqlı, yadda qalan işlərə, əyləncəyə cəlb etməli, narkotikə nifrət istiqamətində təbliğat aparmalıyıq. Narkotik haqqında filmlər çəkilməli, sənədli verilşlər hazırlanmalıdır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az