Beynəlxalq axtarışda olan narkotacir ölkəmizə ekstradisiya olundu - PROKURORLUQDAN AÇIQLAMA

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Qeyd olunan şəxs Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Stopnarkotik.az