Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Zahid İsayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfində verilən kassasiya protesti və kassasiya şikayətinin bəzi detalları məlum olub.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, hadisə 2024-cü ilin il iyulun 20-də gecə saatlarında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü təqsirləndirilən Zahid İsayev 1949-cu il təvəllüdlü, zərərçəkmiş Tahir Əliyevin evində onların arasında olan şifahi razılığa görə məişət işlərini görməsi müqabilində kirayəçi kimi yaşayıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, ev sahibi mütəmadi olaraq təqsirləndirilən şəxsə təmizlik işlərinin keyfiyyəti ilə bağlı iradlar bildirib, bəzi hallarda isə onu təhqir edib.
Hadisə günü paltarların çirkli olması səbəbilə tərəflər arasında yenidən mübahisə yaranıb və bu zaman Tahir Əliyev Zahid İsayev qarşı fiziki zor tətbiq edib. Bundan sonra təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları evdə yerləşən otaqda stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə hücum edib. O, yaşı və fiziki vəziyyəti ilə əlaqədar müqavimət göstərmək imkanları məhdud olan Tahirə üz, boyun və boğaz nahiyələrindən çoxsaylı zərbələr endirib. Nəticədə Zahid zərərçəkmiş şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib. Bu xəsarətlər arasında səthi kəsilmiş yaralar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər, eləcə də boyun nahiyəsində ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarət yer alıb. Məhz bu xəsarət nəticəsində baş vermiş kəskin qanaxma zərərçəkmiş şəxsin ölümünə səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsindən həmin Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Zahid İsayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunub.
Bununla belə, dövlət ittihamçısı kassasiya protesti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş edib. Protestdə qeyd olunub ki, iş üzrə toplanmış sübutlar zərərçəkmiş şəxsin yaşı və fiziki vəziyyəti nəzərə alınmaqla onun köməksiz vəziyyətdə olduğunu təsdiq edir və bu hal cinayətin daha ağır maddə ilə tövsif edilməsini zəruri edir.
Dövlət ittihamçısı həmçinin şahid ifadələrinə istinad edərək bildirib ki, hadisə zamanı Zahid İsayev zərərçəkmiş şəxsə ardıcıl bıçaq zərbələri endirib və onun hərəkətləri qəsdən adam öldürmə niyyətini açıq şəkildə göstərir. Təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə hərəkət etməsi barədə iddialarının isə iş materialları ilə təsdiqini tapmadığı vurğulanıb.
Digər tərəfdən, məhkum da kassasiya şikayəti verərək təyin edilmiş cəzanın ağır olduğunu deyərək onun azaldılmasını xahiş edib. O, törətdiyi əməldən peşman olduğunu qeyd edib və hadisənin zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində baş verdiyini söyləyib.
Zahid İsayev kassasiya şikayətini onunla əsaslandırıb ki, törətdiyi əməldən səmimi peşmandır: “Hadisə Tahir Əliyevin Azərbaycan Respublikası Bayrağını təhqir etməsi səbəbindən baş vermişdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi şikayətçi deyil. Cinayəti zərərçəkmişi öldürmək məqsədi ilə törətməmişəm”.
Ali Məhkəmə iş materiallarını, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdıraraq, həmçinin proses iştirakçılarının çıxışlarını dinlədikdən sonra belə qənaətə gəlib ki, hər iki müraciətin təmin olunması üçün əsaslar mövcud deyil.
Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb./pravda.az