“KamAZ” sərnişin avtobusuna çırpıldı: YARALILAR VAR - FOTO/VİDEO, YENİLƏNİB

Yük avtomobili sərnişinin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Bu barədə Stopnarkotik.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində Sərxan Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir.

***10:26

Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “KamAZ” markalı yük maşını qəza törədib.

Stopnarkotik.az “qafqazinfo"ya istinadən xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.