"Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir" - İLHAM ƏLİYEV

Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.

Stopnarkotik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

"Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir.

Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur. Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış etmişdir. Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir", - dövlət başçısı vurğulayıb.