Akif Qurbanovun atasının saxlanılması haqda RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlının sözlərinə görə, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.

Qeyd edək ki, Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov də əməliyyat zamanı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və məhkəmə tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.