“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinə ehtiyac var.
Stopnarkotik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.
Deputat deyib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb: “Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar. Amma bu işlər daha da gücləndirilməlidir. Digər tərəfdən, İllik Məlumatda da göstərildiyi kimi, 100 min nəfər diri doğulana əgər 2020-ci ildə 15, 8 ana ölümü qeyd olunurdusa, 2025-ci ildə bu əmsal 27,1 təşkil edib. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların isə 2020-ci ildə 9,8, 2025-ci ildə isə 13,7 əmsal təşkil edib. Bu göstəricilər bir daha ana və uşaq ölümünün səbəblərini araşdırmaq məsələsini zəruri edir. Eyni zamanda, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinə də ehtiyac var”.