Xameninin nümayəndəsi “çirkli pullar”ın yuyulmasından hər ay 200 min dollar əldə edib – MƏHKƏMƏ SƏNƏDLƏRİ

Pakistan müstəntiqlərinin bu yaxınlarda açıqladığı məhkəmə sənədləri göstərir ki, bu ölkədəki “çirkli pullar”ın yuyulması şəbəkəsi İrana külli miqdarda qeyri-qanuni pul köçürüb. Maraqlıdır ki, bu pulları alanlar arasında Ali dini lider Əli Xameneinin Pakistandakı nümayəndəsi də var.

Stopnarkotik.az “Arab News” saytına istinadən xəbər verir ki, Xameneinin Pakistandakı nümayəndəsi ƏbülFəz Bəhaddini bu şəbəkədən ayda 200 min dollar alırmış.

“Arab News”un məlumatına görə, təhlükəsizlik rəsmiləri tərəfindən təsdiqlənən araşdırma hesabatları və Whatsapp söhbətləri göstərir ki, şəbəkə üzvləri son 7 ildə Pakistan, İran və İraq arasında aktiv fəaliyyət göstəriblər.

FİA (Pakistan Federal Təhqiqat Agentliyi) xəbər verir ki, Xameneinin Pakistandakı nümayəndəsi həmin vəsaiti hər ay bu işdə əsas şübhəli adam Əli Rizadan alıb.

Əli Riza təxminən 4 ay öncə Kəraçidə həbs edilən 13 nəfərdən biri idi. Məlumata görə, onun etirafı Xameneinin köməkçisinin Pakistandakı nümayəndəsi Seyid Vesal Haydər Nəqəvinin tutulmasına səbəb olub və hazırda ikisi də həbsdədir.

“Arab News” İrandakı mənbəyə istinadən xəbər verir ki, Əbülfəz Bəhaəddini ötən il və ya bu ilin əvvəlində Pakistanı tərk edib və hazırda İrandadır.

Stopnarkotik.az