Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın bu gün keçirilən məhkəməsi davam etdirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, prosesdə zərərçəkmişlər dindirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-də keçiriləcək.
***
12:16
“Vaqif Xaçatryan və dəstəsi şəhid qardaşımı yandırıblar”.
"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Camal Allahverdiyev deyib.
Onun sözlərinə görə, Meşəliyə hücum zamanı qardaşı Allahverdi Allahverdiyev şəhid olub: “Hətta şəhid olan qardaşımı da yandırıblar. Qardaşımın külünü atam çaynikdə yığaraq aparıb basdırıb. Bacım və özüm yaralanmışdım. Vaqif və onun dəstəsi kəndimizə hücum edib. Ola bilməz ki, sən kəndə hücumda olmamısan. Görənlər də olub. Sən də orada olmusan. Ona görə də Vaqif Xaçatryana ömürlük həbs cəzasının verilməsini istəyirəm”.
Vaqif Xaçatryan isə Camal Allahverdiyevin atasını tanıdığını etiraf edib: “Allahverdi, mən sənin atanı da tanıyıram”.
***
11:50
Vaqif Xaçatryan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir”.
Stopnarkotik.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Mehrəliyev Çərkəz deyib.
O, ermənilərin kəndə hücumu nəticəsində anasının, bacısının və qızının xəsarət aldığını söyləyib: “Onlar dinc əhaliyə hücum etmişdilər. Vaqif, qardaşı və digərləri də orada idi. Onların bizə nifrəti vardı. Onlar deyirdilər ki, torpaq, kədn bizimdir və siz buradan çıxıb gedin. Yaylaqda yerimizə dərman töküb mal-qaramızı da qırmışdılar”.
Vaqif Xaçatryan məhkəmədə günahsız olduğunu deyib: “Dədəmin adı da Çərkəz olub. Mən heç kimə heç nə etməmişəm”.
Zərərçəkmiş isə ona cavab verib: “Sən yalandan danışırsan. Niyə edirdiniz? Bizdən sizə qarşı güllə atan olub?
Prosesdə Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçatryana sual verib: “Siz burada ifadələrinizdə orada olmadığınızı deyirsiniz. Təklikdə olan zaman nələrdəsə özünü günahkar bilirsinizmi?”
Vaqif Xaçatryan isə suala cavabında söyləyib: “Mən bizimkilər tərəfdən olanlara görə Azərbaycan xalqından üzr istəyirəm”./report
***
11:29
“Vaqif Xaçatryan, sizin insanlığınız, vicdanınız varmı?"
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Teymur Salmanov deyib.
O, Meşəliyə hücum zamanı uşaq olduğunu bildirib: “Kəndimizi mühasirəyə almışdılar. Həmin hadisələr zamanı 14 yaşımda idim və ayağımdan yaralanmışdım. Onlar məni bu günə salıblar”.
Daha sonra zərərçəkmiş məhkəmədə Vaqif Xaçatryana hadisə zamanı ayağından aldığı xəsarətləri göstərib.
Zərərçəkmiş Vaqifə deyib: “Sizin insanlığınız var? Hansı qanunda bunu etmək var? Sizin vicdanınız varmı? Utan e. Məni bu vəziyyətə bunlar salıblar. Ona görə də Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini tələb edirəm”.
***
11:21
“Meşəlidə bizə hücum edənlərin biri də Vaqif Xaçatryan idi”.
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Bəyim Rəhimova deyib.
Onun sözlərinə görə, kəndlərinə hücum nəticəsində qardaşı və özü ayağından güllə yarası alıblar: “Hücum zamanı qardaşım Salman və yoldaşı yanımızda olub. Mən Meşəliyə gəlin köçmüşəm. Onlar deyirlər ki, bizimlə duz-çörək kəsiblər. Ancaq onlar dostluğa layiq adam deyillər. Bu, ən ağır cəzaya layiq adamdır və ona ağır cəzanın verilməsini tələb edirəm”.
***
10:57
“Yolumuzu kəsdilər, xəstə apardığımız maşını güllələdilər”.
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Alış Alışov deyib.
Onun sözlərinə görə, Vaqif Xaçatryan və onun dəstəsi rəhmətlik Qəniməti baltayla vurublar: “Baltayla başından vurandan sonra bir neçə güllə vurdular. Vaqifin qardaşı da, özü də orada iştirak edirdilər”.
Məhkəmədə zərərçəkmişlə Vaqif Xaçatryan arasında dialoq olub.
A.Alışov Vaqif Xaçatryana onu tanıdığını deyib. Vaqif Xaçatryan isə onu tanımadığını bildirib.
Zərərçəkmiş: Sən orada deyildin?
Vaqif: Mən orada deyildim.
Zərərçəkmiş: Bu necə adamdır ə?
Vaqif: Sən məni orada heç görməmisən. Mən silah götürüb vurmaram.
Zərərçəkmiş: Siz günahsız, əliyalın camaatı qırdınız. Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!
***
10:40
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi davam edir.
Stopnarkotik.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
***09:15
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Stopnarkotik.az-ın məlumatına görə, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.