Türkiyə tütünün qadağa olunduğu ölkə olacaq

Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı geniş müzakirələr başlayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən hazırlanmış yeni qanun layihəsi ölkədə tütün istifadəsinin mərhələli şəkildə aradan qaldırılmasını, 2040-cı ilə qədər isə tam imtinanı nəzərdə tutur.

Türkiyə mətbuatının, o cümlədən “Hürriyet” qəzetinin məlumatına görə, hazırlanan layihə çərçivəsində tütün məmulatlarının yalnız istifadəsi deyil, eyni zamanda istehsalı, satışı və idxalı da tam şəkildə qadağan oluna bilər. Bu isə ölkədə siqaret və digər tütün məhsulları bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Məlumata əsasən, qanun layihəsi birdən-birə qadağa deyil, mərhələli keçid modelini nəzərdə tutur. İlk mərhələdə siqaret çəkməyə qadağaların genişləndirilməsi planlaşdırılır. Məlumata göprə qadağalar yalnız klassik siqaretlərlə məhdudlaşmayacaq. Bura aşağıdakı məhsulların da daxil edilməsi nəzərdə tutulur: elektron siqaretlər (veip cihazları), qəlyanlar, tütün qızdırıcı sistemlər, sintetik nikotin tərkibli məhsullar, eləcə də orqanik nikotin əsaslı alternativlər.

Beləliklə, tütün sənayesinin bütün alternativ formalarının da hüquqi çərçivədə məhdudlaşdırılması planlaşdırılır.

Qanun layihəsində pozuntulara görə sərt maliyyə sanksiyaları da nəzərdə tutulur. Məlumata görə, qaydaları pozanlara 1 milyon lirədən 10 milyon lirəyə qədər (təxminən 20–200 min avro) cərimələr tətbiq edilə bilər. Bundan əlavə, biznes subyektlərinin lisenziyalarının ləğvi, tütün satışı ilə məşğul olan obyektlərin fəaliyyətinin dayandırılması, inzibati məsuliyyət tədbirləri kimi ciddi nəticələr də gündəmdədir.

Həmçinin turistlər və fiziki şəxslər üçün də yeni məhdudiyyətlər nəzərdə tutulur. Tütün məhsullarının saxlanması, alınması və ölkəyə gətirilməsi ilə bağlı inzibati cərimələrin tətbiqi ehtimalı da müzakirə olunur. Qeyd olunur ki, bu layihə hələ yekun şəkildə qəbul edilməyib və müzakirə mərhələsindədir. Lakin ekspertlər hesab edir ki, belə bir təşəbbüs qəbul olunarsa, bu, Türkiyədə ictimai sağlamlıq siyasətində ən radikal dəyişikliklərdən biri ola bilər. 

Stopnarkotik.az