Tramp Venesueladakı əməliyyatı iqamətgahından CANLI İZLƏYİB

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqo iqamətgahından izləyib.

Stopnarkotik.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun həbs edilməsini canlı yayımda izləmək "televiziya şousuna bənzəyirdi".

Tramp əməliyyat zamanı şəxsi heyət arasında həyatını itirənlərin olmadığını, lakin yaralananların olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, əməliyyat 2-4 gün əvvəl planlaşdırılıb, lakin pis hava şəraiti səbəbindən təxirə salınıb. Ağ Ev rəhbəri əlavə edib ki, Maduro və onun həyat yoldaşı Venesueladan vertolyotla çıxarılıb və gəmiyə mindiriliblər. Onlar Nyu-Yorka çatdırılacaqlar.

Tramp onu da deyib ki, Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.

“Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, - Tramp vurğulayıb.