Əsəd rejiminin keçmiş Deyr əz-Zor valisi Suriyada insan haqlarını pozduğuna görə ABŞ-da saxlanılıb.
Stopnarkotik.az apa-ya xəbər verir ki, 2020-ci ildən ABŞ-ın Los-Anceles şəhərində yaşayan Deyr əz-Zor vilayətinin keçmiş valisi Semir Osman əş-Şeyx saxlanılıb.
ABŞ rəsmiləri ölkəsində müxaliflərə işgəncə verməkdə və onları öldürməkdə ittiham olunan əş-Şeyxin Suriya prezidenti Bəşər Əsədlə sıx əlaqələrə malik olduğuna inanır.
“New York Times“ (NYT) qəzetinin məlumatına görə, 2020-ci ildən Los-Ancelesdə yaşayan əş-Şeyx ABŞ vətəndaşı olmaq üçün ərizəsində yalan məlumat verdiyinə görə ona cinayət işi açılıb.
Məhkəmə iddiasına görə, paytaxt Dəməşqdəki Adra həbsxanasını idarə edən, polis, kəşfiyyat zabiti və briqada generalı keçmiş Deyr əz-Zor valisi əş-Şeyx kiməsə işgəncə verib-vermədiyi və ya hər hansı qətldə əli olub-olmadığı barədə yalan ifadələr verib.