Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
Stopnarkotik.az xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir.
İddiaya əsasən Rostov şəhəri “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.