Əsəd Suriyadan qaçarkən İsrailə hansı məlumatları ötürüb? - TƏYYARƏSİNİN VURULMAMASI ÜÇÜN...

Məlum olduğu kimi, 1963-cü ildən Suriyada hakimiyyətdə olan qanlı Baas rejiminin son lideri Bəşər Əsəd 11 gündə müxalifətə məğlub olaraq ölkəsini tərk edib. Bundan dərhal sonra İsrail ordusu tarixinin ən böyük hava hücumlarından birini keçirib və Suriyada Əsəd rejiminə məxsus müxtəlif hərbi obyektlər, döyük təyyarələri, silah anbarları da daxil olmaqla 250-dən çox hədəfi vurub. Suriyadakı müxaliflərin belə yerini bilmədiyi döyüş təyyarələrinə qədər hər şeyi vuran İsrailin bu məlumatı haradan aldığı isə böyük marağa səbəb olub.

"Hürriyyet" nəşrinin məşhur yazarlarından Əbdülkadir Selvi bugünkü məqaləsində maraqlı bir məsələyə toxunub. O, özəl mənbələrdən əldə etdiyi məlumat əsasında Bəşər Əsədin Suriyanı təhlükəsiz bir şəkildə tərk etmək üçün İsrailə bu hərbi obyektlərin yerini göstərən bir siyahı verdiyini bildirib.

"İsrail rejimin silah anbarlarını, raket başlıqlarını və döyüş təyyarələrini vurur. Suriya müxalifəti 13 ildir rejimlə müharibə aparır. Suriya müxalifətinin tərkibində Suriya ordusunda və kəşfiyyatında xidmət etmiş komandirlər var. Amma hətta Suriya müxalifəti belə İsrailin vurduğu silah anbarlarının, raket mərkəzlərinin və döyüş təyyarələrinin harada yerləşdiyini bilmir. Bəs İsrail bunu necə bilir? Deyəcəksiniz ki, İsrail kəşfiyyat dövlətidir. Belə deyil. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Əsəd qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verib. İsrail bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verib. Əsəd qaçarkən belə ölkəsini bir daha satıb", -deyə Ə. Selvi qeyd edib.

Qeyd edək ki, Bəşər Əsəd hazırda ailəsilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərindədir./azpolitika.info