“Ramiz Mehdiyevin adamı İmişlidə bazarı ələ keçirib” - İDDİA

İmişli rayon sakini İntiqam Əvəzov redaksiyamıza müraciət edərək ailəsinin 25 ildən artıq davam edən bir ədalətsizliklə üz-üzə qaldığını bildirib. Sakinin iddiasına görə, ailələrinə məxsus olan İmişli rayon kolxoz bazarı qanunsuz şəkildə əllərindən alınıb və bu prosesə illərlə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin himayəsində olan şəxslər rəhbərlik edib.

Müraciətdə qeyd olunur ki, İmişli kolxoz bazarında uzun illər müdir işləmiş Rüstəm Əvəzov və onun qardaşları 1999-cu ildə Dövlət Əmlak Komitəsinin keçirdiyi hərracda bazarın 55 faiz nəzarət səhm paketini satın alıblar. Hərrac sənədləri, səhmdar reyestri, mülkiyyət protokolları bu günə kimi ailənin əlində saxlanılır. Lakin bir ildən sonra – 2000-ci ildə sabiq millət vəkili və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs məhkəməyə müraciət edərək özəlləşmənin ləğv edilməsi üçün iddia qaldırıb:

“Əziz Quliyevin qanunsuz hərəkətləri nəticəsində uzun müddət davam edən məhkəmə çəkişmələrinə cəlb olunmuşuq. Bakı şəhər Xətai rayon Məhkəməsi və Apelyasiya Məhkəməsi tərəfindən ədalətli qərarlar verilsə də, Ramiz Mehdiyevin göstərişi və müdaxiləsi nəticəsində Ali Məhkəmədə hüquqlarımız kobud şəkildə pozuldu. Nəticədə Ali Məhkəmə tərəfindən Əziz Quliyevin xeyrinə qərar verilmiş və böyük məbləğdə vəsait xərcləməyimizə baxmayaraq, qanuni yolla öz əmlakımızdan məhrum edilmişik. Hakim Südabə xanım bizə dedi ki, mən işi xeyrimizə çıxarsa, onu Mehdiyev ailəsi öldürəcək”.

Müraciət müəllifləri bildirirlər ki, bu haqsızlıq ailədə faciələrə yol açıb. Rüstəm Əvəzov 2002-ci ildə keçirdiyi ağır stressdən sonra ürək tutmasından dünyasını dəyişib. Onun qardaşı Məcnun Şükürov isə illərlə davam edən məhkəmə yükü və nəticəsiz mübarizədən sonra 2020-ci ildə ürəktutmadan vəfat edib.

“Şikayətlərimiz və hüquqi mübarizəmiz heç bir nəticə verməmiş, işin ədalətli və obyektiv araşdırılması üçün xeyli miqdarda maddi vəsait xərcləmək məcburiyyətində qalmışıq. Bu ədalətsizlik ailəmizin müflis olmasına səbəb oldu. Bu haqsızlığa dözməyərək atamız Rüstəm Əvəzov 2002-ci ildə ürək tutmasından dünyasını dəyişdi”.

2019-cu ildə Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ailədə ümid yaradıb. Onlar 2020-ci ildə Ali Məhkəmə Plenumuna müraciət etsələr də, şikayət qəbul edilməyib.

Ailə hesab edir ki, Ramiz Mehdiyev və onun himayəsində olan şəxslərin fəaliyyəti tam araşdırılmalı, 30 ilə yaxındır davam edən qanunsuz əmlak mənimsənilməsinə qiymət verilməlidir.

Sakinlərin iddiasına görə, Əziz Quliyev illər ərzində qanunsuz olaraq bazardan əldə etdiyi gəlirlər hesabına külli miqdarda sərvət toplayıb, vergidən yayınma halları geniş araşdırılmalıdır. Onlar bildirirlər ki, bu günə qədər bütün sənədləri – hərrac protokolları, pay bölgüsü sənədləri, səhmdar reyestrləri – qoruyub saxlayıblar və lazım gələrsə, istintaqa təqdim etməyə hazırdırlar. Ailə redaksiyamız vasitəsilə dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına səslənərək uzun illərdir davam edən bu işin yenidən açılmasını, obyektiv araşdırma aparılmasını, Ramiz Mehdiyevin himayəsində olan şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini tələb edir. Şikayətçilər bildirirlər ki, artıq itirəcəkləri bir şey qalmayıb və ədalətin bərpası üçün mediaya müraciət etməyə məcbur qalıblar.

Məsələ ilə bağlı qarşı tərəf kimi Əziz Quliyevin mövqeyini işıqlandırmağa hazırıq./musavat

eebf60a2-a547-49d8-a566-aeeee1373b4b.jpg (66 KB)

7feee517-a2de-4314-9c47-8f621ba3718e.jpg (34 KB)644ed647-ba59-42c2-8e93-ab3c7d7f567b.jpg (122 KB)