PUTİNİ KİM XİLAS EDƏCƏK? - Modi, Lukaşenko və Tokayev “köməyə gəlir”

Ukrayna müharibəsinin beşinci ilində müşahidə olunan mənzərə, artıq Ukrayna ilə yanaşı, bu savaşı başlayan tərəfin – Rusiyanın da ciddi məhrumiyyətlərlə üz-üzə qaldığını göstərir. Görünür, tez-tez “hər şey plan üzrə gedir” deməyi sevən Vladimir Putinin planlarında öz ölkəsini yanacaq böhranına qərq etmək, rusiyalıları saatlarla, günlərlə benzin növbələrində gözlətmək, ölkənin kənd təsərrüfatını yanacaqsız qoymaq və s. kimi maddələr də varmış...

Vəziyyət o yerə çatıb ki, benzin böhranını aradan qaldırmaq üçün dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiya əvvəllər heç kimin yuxusuna belə gəlməyəcək addıma getməyə məcburdur: dəniz yolu ilə neft ölkəsi olmayan Hindistandan benzin idxal etməyə! Bəli, Rusiya Hindistandan benzin alışına başlayıb və ilk partiya yaxın günlərdə Rusiya limanlarından birinə çatmalıdır. Qazaxıstan da Rusiyaya “humanitar yardım” çərçivəsində 50.000 ton benzin tədarük etməyə razılıq verib.

Belarus isə zatən xeyli müddətdir öz neft emalı sənayesini Rusiyanı təmin etmək üçün çalışdırır.

Bəs bütün bunlar Rusiyanı yanacaq böhranından xilas etmək gücündədirmi?

Öncədən qeyd edək ki, Rusiyanın bütünlükdə gündəlik yanacaq tələbatı 110 min tondur. Müharibəyə qədər ölkə həm bu tələbatını ödəyirdi, həm də xaricə benzin, dizel və digər neft məhsulları satırdı. İndi isə həmin daxili tələbatı – 110 min tonu təmin etmək mümkünsüz hala gəlib və bəri başdan qeyd edək ki, nə Belarus, nə Hindistan, nə də Qazaxıstan, ayrı-ayrılıqda və birlikdə bu həcmləri təmin etmək gücündə deyil. Rəqəmlərə baxaq:

Qazaxıstan iyul və avqust aylarında “humanitar yardım” adı ilə Rusiyaya təxminən 50.000 ton Aİ-92 və Aİ-95 benzini tədarük etməyə hazırlaşır. Rusiyanın gündəlik tələbatı 110 min tonikən Qazaxıstan iki aya (!) 50 min ton benzin verəcək. Bu, Rusiyanın bir günlük tələbatının yarısından belə azdır. “Humanitar yardım” məsələsinə gəlincə, Qazaxıstan sanksiyalar təhlükəsindən yayınmaq üçün Rusiya ilə benzin alış-verişinin adını bu cür qoyur.

Digər yandan, həmin 50 min ton Rusiya üçün dənizdə damladırsa, Qazaxıstanın özü üçün daxili bazarda müəyyən təhlükə mənbəyidir. Analitiklər qeyd edirlər ki, Qazaxıstan Kremlin benzin xahişlərindən qətiyyən məmnun deyil. Rusiyaya benzin ixracı Qazaxıstanın öz benzin bazarında tarazlığı qorumaqda çətinlik yarada bilər, üstəlik bu yanacaq yardımına görə sanksiya riskləri də var.

Belarusun Rusiyaya yanacaq dəstəyi daha realdır, lakin onun da həcmləri böhranı ciddi şəkildə qarşılayacaq həddə deyil. Belə ki, bu ilin əvvəlindən Belarus Rusiyaya yanacaq idxalını kəskin şəkildə artıraraq ilk 5 ayda ümumilikdə 270 min tona çatdırıb. Yəni, aya ortalama 54 min ton. Tək iyun ayında isə bu göstərici 80 min ton civarında olub. Belarusdakı əsas iki neft emalı zavodunun bundan artığına da çətin ki, gücü çatsın. Lap aylıq tədarükü 100-110 minə çatdırsalar belə, bu, Rusiyanın cəmi bir günlük tələbatını ödəyəcək. Ayda isə 30-31 gün var...

Hindistana gəlincə, qeyd edək ki, bu uzaq ölkədən Rusiyaya tankerlərdə benzin çatdırmaq olduqca gec və baha başa gəlir. Bir tankerin Rusiyadan çıxaraq Hindistana çatıb geri qayıtması 2 aya yaxın vaxt aparır. Plana görə, ilk partiya təxminən 60.000 ton olacaq. Bu benzini daşıyan iki tankerin Rusiya limanına gəlməsi gözlənilir. Yenə, gündəlik tələbatın yarısına bərabər olan bu həcmlər də Rusiya daxili bazarı üçün ciddi sayıla bilməz.

Beləliklə, xaricdən indiki həcmlərdə benzin idxalı Rusiyanı düşdüyü vəziyyətdən nəinki tam, heç qismən də çıxara bilməz. Bu, sadəcə müəyyən kritik dəstək xarakterli tədarüklər ola bilər.

Ümumilikdə Rusiyada daxili yanacaq istehsalı hazırda 25% azalıb və azalmaqda davam edir. Səbəb Rusiyanın heç cür bacarmadığı Ukrayna PUA və raketləridir. Ukraynanın hələlik “əli çatmayan” yeganə ən böyük neft emalı zavodu Omsk zavodudur. Lakin yaxın zamanda Kiyevin həmin zavodu da sıradan çıxaracağını qətiyyən istisna etmək olmaz.

Odur ki, yanacaq kollapsı Rusiyanı ağuşuna almaqda davam edir. Bu vəziyyətdən isə Putini nə Belarus Prezidenti Aleksandr Lukaşenko, nə Hindistan Baş naziri Modi, nə də Qazaxıstan Prezidenti Kasımcomart Tokayev çıxara bilməz. Putini bu durumdan yalnız Putinin özü çıxara bilər – Ukraynadakı qanlı və işğalçı savaşı bitirməklə./azpolitika.info