Narkotikin təsiri altında avtomobil idarə edənlərin sayı artıb, yoxsa azalıb? – TOĞRUL NƏSİRLİDƏN AÇIQLAMA

Son zamanlar narkotik madələrin təsiri altında avtoxuliqanlıq hallarına daha çox rast gəlinir. Demək olar ki, hər həftə bu barədə xəbərlər mediada qarşımıza çıxır. Elə, bir neçə saat öncə də paytaxtda avtoxulqanlıq edən sürücü saxlanılıb və onun narkotikin təsiri altında yol hərəkəti qaydalarını pozduğu məlum olub.

Bundan bir həftə öncə isə mediada işıq üzü görən xəbərlərin birində narkotik qəbul etmiş sərxoş sürücü ilə onun apardığı sərnişinin üzərində narkotik vasitələr aşkarlanmışdı. Hadisə Ələt-Astara yolunda baş vermişdi.

Odur ki, ümumi vəziyyətin səbəbləri barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirlinin mövqeyini öyrəndik. Onun sözlərinə görə, narkotikin təsiri altında avtomobil idarə edən sürücülərin sayı əvvəlki dövrlərlə müqayisədə artmayıb, əksinə azalıb:

“Bu hallar əvvəlki dövrlərlə müqayisədə əksinə azalıb, artmayıb. Sadəcə, bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yol təhlükəsizliyinin təmin olunması, onların rahat, fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir. Təəssüflər olsun ki, bu gün bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, o görüntüləri sosial şəbəkə hesablarında paylaşırlar. Bu hallar dərhal tərəfimizdən nəzarətə götürülür, araşdırılır, sürücü müəyyən edilir və barəsində qanunun tələbləri həyata keçirilir.

Eyni zamanda əməkdaşlarımız tərəfindən avto-xuliqanlıq hərəkətləri etdiyi üçün sürücülər saxlanılır, onların hərəkətlərində şübhəli məqamlar olduğu üçün onun tibb müayinədən keçməsi təmin olunur. Tibbi müayinədən keçdiyi üçün müəyyən olunur ki, həmin şəxs narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edirmiş və sürücü barəsində Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, protokol tərtib edilir. Baxılması üçün aidiyyatı məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə də sürücülük hüququnun məhdudlaşdırılması, eyni zamanda da inzibati qaydada həbs tətbiq edilir”.

Stopnarkotik.az