Namizəd Səfərov: “Hətta güllələnmə cəzası da versən, narkotikin kökü kəsilməyəcək”
“Hansısa cinayətkar qrup korrupsioner dövlət orqanları ilə əlaqədə olmasa, narkotiki ölkəyə keçirmək mümkün deyil”
“Narkomaniyanın qarşısını onu törədən səbəbləri aradan qaldıraraq almaq lazımdır”
Gürcüstan narkotik ticarətinin qarşısını almağı qarşısına məqsəd qoyub və bunun üçün mübarizə üsullarını da kəskinləşdirir. Belə ki, hökumət narkotik cinayətləri, o cümlədən çətənə və marixuana ilə bağlı cinayətlərə görə cəzaları sərtləşdirməyi planlaşdırır. Artıq elan olunu ki, narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği gələcək nəsillərin sağ qalması naminə xüsusi milli prioritet olacaq. Bu baxımdan da, Gürcüstan bir çox müsbət istiqamətlərdə, hətta qonşu ölkələrə də nümunə olacaq addımlar atmağı planlaşdırır. Şübhəsiz, bütün bunlar narkomaniyadan və narkotiklərin qanunsuz dövriyyəsindən əziyyət çəkən Azərbaycan üçün də nümunə ola bilər. Elə bu barədə tanınmımş hüquqşünas Namizəd Səfərovun mövqeyini öyrəndik.
- Namizəd bəy, Gürcüstanda narkotiklərin satışı ilə bağlı cəzalar sərtləşdirilir. Belə ki, parlamentdə təqdim olunan 8 qanun layihəsində narkotacirlərə 20 il və ya ömürlük həbs cəzasının verilməsi təklif olunub. Nəzərə alsaq ki, Azərbaycan da narkoticarətdən əziyyət çəkən ölkədir, analoji qanunun bizdə də qəbul edilməsini məqbul hesab edirsinizmi?
- Öncə onu deyim ki, cəzanın ağırlaşdırılması heç də o bəla ilə mübarizə üsulu deyil. Bu, hüququn ümumi prinsipidir. Mübarizənin digər mütərəqqi üsulları, prinsipləri var ki, cinayətin qarşısının alınması üçün o üsullardan istifadə edirlər. Yəni cinayətin törənməsinin əsas səbəblərini araşdırır, onun qarşısını alırlar. Yoxsa istəyirsən, orada güllələnmə qoy, narkotikin kökü kəsilməyəcək. Sizə deyim ki, daha da artacaq. Bandalar daha texniki işləyəcəklər.
Əslinə qalanda, cəzanın ağırlaşdırılması heç də bəlanın kökünün kəsilməsi üçün əsas deyil. Ona görə də çalışmaq lazımdır ki, daha demokratik formada onun qarşısı alınsın. Məsələn, korrupsioner dövlət orqanlarının bu məsələdə iştirakı var. Bizdə, görürsən, tez-tez xaricdən narkotik gətirirlər, özü də tonlarla. Bunu sadə vətəndaş keçirə bilməz axı. Müəyyən vətəndaş, yaxud hansısa cinayətkar qrup korrupsioner dövlət orqanları ilə əlaqədə olmasa, narkotiki ölkəyə keçirmək mümkün deyil. Keçirmək olar, 100 qram, maksimum 1 kiloqram. Amma görürsən, bəzən 4 kiloqram tutulur, bəzən 4 ton. Gürcüstan ərazisindən keçirilmişdi. İrandan keçən tutulur... Yəni mən sizi əmin edirəm ki, burada daha çox siyasi iradə lazımdır.
Ölkədə narkotikin qarşısını almaq üçün hakimiyyət başqa mütərəqqi tədbirlər də görməlidir. İş yerləri açmalıdır, insanları işlə təmin etməlidir. İnsanlar qalır işsiz, amma ailəsini dolandırmaq məcburiyyətindədir. Bu yandan da kimsə təklif edir ki, gəl bizə qoşul, bu işləri görək və onu yükləyirlər. Ona görə də vətəndaş məcbur qalır, maddi çətinliklər qarşısında bu yola gedir.
Ola bilsin ki, Gürcüstanda ictimai vəziyyət bizimkindən biraz fərqlidir. Ola bilsin ki, orada dövlətin cinayət mafiyası ilə əlaqəsi o qədər də güclü deyil, onlar belə fikirləşirlər. Amma mən belə fikirləşirəm ki, Daxili İşlər Nazirliyi, ölkənin siyasi hakimiyyəti istəsə, narkotikin qarşısını ala bilər. Bunun üçün də əsas cəmiyyəti liberallaşdırmaq, yəni azadlıqları artırmaq lazımdır. Bunu etmədən hər hansı bir bəlanın qarşısını almaq mümkün deyil.
- Bir müddət əvvəl Gürcüstan marixuananın istifadəsini leqallaşdırmaqla bağlı qərar qəbul etdi. İndi isə çətənə və marixuana ilə bağlı cəzaları sərtləşdirir. Belə bir vəziyyətdə, Azərbaycanda marixuananın leqallaşdırılması ilə bağlı təklif reallaşarsa, bu nə dərəcədə effekt verər?
- Təkcə Gürcüstanda deyil, Avropanın bir sıra ən demokratik ölkələrində təkcə marixuana yox, elə digər sərt narkotik maddələrin də, heroinin də şəxsi istifadəsi leqallaşıb. Hətta dövlət iynələrin vurulmasına yardım da edir, və yaxud bunu tibbi müəssisələrdə həyata keçirir. Söhbət hansı ölkələrdən gedir-liberal ölkələrdən. Bunlar insanın dövlətin siyasətinin əsasına çevrildiyi ölkələrdir. Belə olan halda həmn arkotiklərdən istifadə edənlərin sayı azalır, həm də orada insanlar narkotiki bizimkilər kimi zirzmilərdə, orada-burada istifadə etmirlər, dövlət onlar üçün yer ayırır. Mən hesab edirəm ki, narkotikdən istifadə etmək bir xəstəlikdir - asılılıq xəstəliyi. Başqa xəstəliklər olduğu kimi bu da asılılıq xəstəliyidir, insanın iradəsinin zəifliyidir. Bunun qarşısını onu törədən səbəbləri aradan qaldıraraq almaq lazımdır. Mən demirəm ki, bizdə də narkotiki leqallaşdırmaq lazımdır ki, kim harda gəldi istifadə etsin. Əgər narkotikin istifadəsinə icazə verirlərsə, istər-istəməz narkotikin yayılması da baş alıb gedir. Adam özüm çəkirəm deyə bəhanə gətirib narkotik daşıyacaq. Hər halda dərindən düşünmək lazımdır. Hüquqi əsaslandırma gərəkdir.
- Yeri gəlmişkən, Gürcüstanda narkotik yolu ilə əldə olunan daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulması da gündəmdədir. Azərbaycan üçün də belə bir cəzanın tətbiqi aktual ola bilərmi?
- Mən hesab edirəm ki, təkcə narkotikə görə yox, bütün cinayət yoları ilə - korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, oğurlqu və s. yolla əmlak əldə etmisənsə, istənilən halda o əmlakın oğuluq olduğu sübut olunub, sənin əlindən alınmalıdır. Bu absurd çıxır ki, narkotik satmaqla əmlak əldə edənin əmlakını müsadirə edək, korrupsiya, oğurluq edən, dövlət əmlakını mənimsəyən, dövlətin milyardlarını mənimsəyən şəxslərin yığdıqları əmlak onların özünündür. Bu, ola bilməz. Cinayət cinayətdir. Mən düşünmürəm ki, narkotik satışı ilə kimlərsə milyarder ola bilər. Yox, heç Allah da buna imkan verməz. Narkotik satışı ilə ancaq özünü, ailəsini, yaxınlarını batıra bilərsən, məhv edə bilərsən. Kim bunu edirsə həm Allah qarşısında, həm cəmiyyət qarşısında lənətlənən şəxs olub.
Ona görə, mənim fikrim bundan ibarətdir ki, təkcə narkotik satışı ilə yox, istənilən cinayət yolu ilə əldə olunan əmlak dövlətin əliylə müsadirə olunmalıdır.
- Görünür, bu qanun kiçik çaplı narkotik alverçiləri ilə bağlı deyil, külli miqdarda narkotik kapitalı ilə əmlak sahibi olanlara aiddir...
- Ola bilsin. Gürcüstan hakimiyyətndə baş verən son siyasi məsələləri nəzərə almasaq, Gürcüstan dövləti güclü korrupsiyaya qurşanmış, korrupsiya bataqlığında dağılan dövlət deyil. Ona görə, orada atılan addım hüquqşünaslarla ölçülüb-biçilir, ictimaiyyətlə-cəmiyyətlə əlaqələndirilir, məsləhət edilir. İctimaiyyətin fikri də nəzərə alınr ki, bu addımı atırlar. Məni daha çox öz ölkəmiz maraqlandırır. Biz xarici ölkələrə, qonşularımıza, elə Gürcüstana həsədlə baxmışıq ki, onlarda mütərəqqi qanun normaları qəbul olunur, demokratik inkişaf var, insanların orta əməkhaqqısı da bizdən yüksəkdir, yaşayış minimumu bizdən yüksəkdir. Yəni o cəmiyyət kimi siyasi iradə ilə idarə olunur, burada mütləq müsbət nəticələr əldə olunur. Bunu vurğulmaq istəyirəm. O cəmiyyətdə hakimiyyət istəyirsə ki, cəmiyyəti düzəltsin, orada mütləq inkişaf gedir. Elmi-texniki tərəqqi o qədər inkişaf edib ki, dünya praktikası var, yeni metodlar var. Dövlətin qanunları olmalıdır, kim də gəlsə o qanunlara əməl etməlidir. Bizdə icra hakimiyyəti səhər evdən çıxır, düşünür ki, görüm bu gün nə qədər oğurluq edəcəyəm. O, fikirlərşmir ki, mənə böyük bir rayonun idarəçiliyini həvalə ediblər. Nazir fikirləşmir ki, gedib çatışmayan işləri görməliyəm. O, gedir oğurlamağa. Məqsəd başqadır. Gərək insanın məqsədi o ola ki, mən nəyə gedirəm, mənim cəmiyyət qarşısında hansı borcum, hansı vəzifələrim var?
- Bir halda ki, müsahibəni Gürcüstanda təklif olunan qanun layihəsi üzərində qurduq, bununla bağlı bir sual da verim. Qonşu ölkə narkoloji müayinədən keçməyən şəxsləri sürücülük hüququndan məhrum etməyi düşünür. Nəzərə alsaq ki, bizdə də son vaxtlar narkotikin təsiri altında avtomobil idarə edənlərin sayı sürətlə artır, analoji addımı bizdə də atmaq olarmı?
- Bəli, mən də çox rast gəlirəm ki, narkotik təsiri altında avtomobil idarə etmək çox ağır nəticələrə səbəb olur. Spirtli içki içənlər az da olsa avtomobil idarə edə bilirlər, amma narkotik qəbul edənlər bunu edə bilmirlər. Bu, çox təhlükəlidir. Düşünürəm ki, bu addımlar məqsədəmüvafiqdir. Amma hamını yoxlamaq olmur. Nəzarət etmək çətindir ki, kim narkotik istifadə edib, kim yox. Spirtli içkini yoxlamaq asandır, amma narkoloji müayinə üçün gərək hər adamı aparasan narkoloji dispanserə, yoxlayasan ki, qanında narkotik var, ya yox.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az