MƏXFİ TELEFON DANIŞIĞI MEDİAYA NECƏ SIZIB? - Politoloq: “Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin işidir...”

"Fikrimcə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var".

Bunu politoloq Elxan Şahinoğlu sözügedən qalmaqala münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi. Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Qalır ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi.

**

"Böyük ehtimalla, bu idarədə Prezident Donald Trampın Rusiya - Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatlarını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub", - təhlilçi qeyd edib.

ABŞ tarixində bu cür halların yaxın keçmişdə də olduğunu xatırladan politoloq vurğulayıb ki, Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb.