MOSKVADA SUİ-QƏSD: general və köməkçisi öldürüldü - VİDEO / YENİLƏNİB-2

Moskvanın Ryazanski prospektində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillovun ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi tezliklə terror aktı kimi tövsif olunacaq.

Bu barədə “Kommersant” yazıb.

Nəşrin yazdığına görə, cinayəti törədən şəxs və onun mümkün şəriki tutulsa, dövlətə xəyanətdə ittiham olunacaqlar.

İstintaqın versiyasına görə, cinayəti açıq şəkildə Ukrayna xüsusi xidmət orqanları - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) və ya Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həyata keçirib. Onların nümayəndələri general Kirillovu, çox güman ki, ictimai şəxs olduğuna görə hədəf seçiblər. 2017-ci ildən qoşunlara rəhbərlik edərək, brifinqlərdə iştirak edib, o cümlədən Ukraynadakı Amerika bioloji laboratoriyaları haqqında danışıb.

Belə bir versiya da var ki, terror hücumu Müdafiə Nazirliyinin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasına hazırlana bilərdi ki, cinayət sözün əsl mənasında bütün dünyada gurultulu olsun, lakin nədənsə növbəti günə təxirə salınıb.

Qeyd edək ki, dünən Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiya MN-nin kollegiya iclası keçirib.

***09:55

Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

TASS xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, hadisə skuterə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində olub.

Petrenko bildirib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb. Hadisə yerində müstəntiqlər, kriminoloqlar və əməliyyat xidmətləri işləyir. Cinayətin bütün halları müəyyən edilib.

***09:05

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.

Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

Partlayış evin özündə giriş qapısının sökülməsinə, şüşələrin sınmasına səbəb olub.

Generalın xidməti avtomobilinə də ziyan dəyib./apa

***09:01

Moskvada rus ordusunun generalına sui-qəsd edilib. Partlayış nəticəsində onun özü və şəxsi köməkçisi öldürülüb.

Bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb.

“Baza”nın məlumatına görə, partlayış Moskvanın Nijni Novqorod rayonunda binaların birinin girişində baş verib. Qeyd olunur ki, partlayış nəticəsində yaxınlıqdakı mənzillərdə şüşələr qırılıb.

Bir saat sonra internetdə qurbanların kimliyi ilə bağlı məlumatlar peyda olub. “Baza” yazır ki, Moskvada baş verən partlayış nəticəsində RF Silahlı Qüvvələrinin adı açıqlanmayan general-leytenantı və onun köməkçisi həlak olub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib. Məlumata görə, partlayıcılar elektrik skuterin dəstəyinə bağlanıb və çox güman ki, uzaqdan aktivləşdirilib. Sözügedən iki nəfər qapıya yaxınlaşanda partlayış baş verib.

Partlayış o qədər güclü olub ki, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər şüşələr sınıb, üç avtomobilə ziyan dəyib./azpolitika.info