Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir. Belə ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda, icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Bəs görəsən, bu qərarın avtomobil bazarına nə kimi təsiri olacaq?
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarına - Avtomobil Satışı Mərkəzinə baş çəkiblər.
Bazara daxil olmazdan öncə satıcıları satış mərkəzinin girişində görürük. Qiymətlər havada "uçuşur". Məlum olur ki, satışa gətirilən avtomobilləri girişdə alıb, daha sonra satmaq istəyirlər.
Bazara keçirik. Hər zövqə uyğun, müxtəlif markalı saysız-hesabsız maşınlar yeni sahiblərini gözləyir. Hazırkı sahiblərinin üzündən isə məyusluq yağır. İsti bir yandan, alıcı azlığı digər yandan satıcıları pəjmürdə edib.
Çəkiliş apardığımızı görən satıcılardan biri yaxınlaşıb gileylənir. Orxan Muradlı bazarda alıcılıq qabiliyyətinin çox zəiflədiyini deyir:
"Bazarda satış çox düşüb. Onun da əsas səbəbi Çindən idxal olunan maşınlardır. Bunların əksəriyyəti hibriddir. Bu səbəbdən Avropa, ABŞ maşınlarının satışı azalıb. Qiymətlər enib, lakin alıcı yoxdur".
O.Muradlı taksi fəaliyyəti ilə bağlı qüvvəyə minən yeni qaydalara da münasibət bildirir:
"Yeni qaydaları müsbət qiymətləndirirəm. Dünya standartlarına uyğunlaşdırılır. Taksi xidmətində yeni maşınlar olmalıdır. Köhnələrin sıradan çıxmasına ehtiyac var idi. Ətraf mühiti çirkləndirir, bununla yanaşı, başqa problemlər ortaya çıxır. Ehtiyat hissələrində çatışmazlıq olur.
2009-cu ilin maşınları bazarda satılır. Amma deməzdim ki, alver güclü gedir. Çünki alıcılar daha çox ili təzə olan maşınları almaq istəyirlər. "Mercedes", BMW, "Opel" zəif satılır.
Bəzi modellər var ki, satışı yaxşıdır. "KIA Rio" və "Toyota Prius"un qiymətində xeyli fərq var. Qiymətləri düşüb. Maşın bazarında ümumiyyətlə qiymətlər enib. Bəzi modellər var ki, onlar kəskin ucuzlaşıb. Əksər ekonom sinif avtomobillər, məsələn, "Toyota"nın yeni modelləri bahalaşıb. O tip maşınların sayında da artım var, çünki ili təzə, özü sərfəlidir. Ümumi vəziyyət isə ürəkaçan deyil".
Digər satıcı Qənbər Muradov söhbətə qoşularaq son 26 ildə maşın bazarında belə vəziyyətin olmadığını dilə gətirir:
"Alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Əvvəllər belə deyildi. Çoxu 3 000-5 000 manatla gəlir. O pula da maşın almaq olmur. Banklar vasitəsilə ilkin ödənişi 3 000-5 000 manata maşın götürmək olmur. Ona görə də bu vəziyyət yaranıb.
Buraxılış ili köhnə olan maşınlar satılmır. Taksilərlə bağlı olan qərara münasibətim pisdir. Taksidə işləyənlərin əksəriyyəti kasıb insanlardır. Onların gücü köhnə maşın almağa çatırdı. İmkanı olsaydı, taksidə işləməzdi. Bununla yanaşı, ağ və qırmızı maşınları biz gətirə bilmirik. Qarası Yaponiyada ucuz olur. Ağ bahadır".
Q.Muradov taksilərlə bağlı qərar verildikdən sonra maşınları sata bilmədiyini söyləyir:
"Mən istehsal ili 2015-dən yuxarı maşın satıram. Qərar çıxandan mənim 2015-16-cı il istehsalı olan maşınlarım əlimdə qalıb. Sata bilmirəm. Mən "Nissan" satıram. Əvvəl 14 minə satırdımsa, indi 12 minə də verərəm. Çünki əlimizdə qalıb, məcburuq endirimlə sataq. Maşınlar, əsasən, taksi üçün alınırdı.
Bu maşınlara "xanım maşınları" deyirdilər. Artıq qadınlar da böyük maşınlara keçiblər. Bunlar vaxtilə yaxşı satılırdı. Ekonom sinif maşınlar idi".
Şəxsi maşınını satmağa gələn Vəfadar Dadaşov bir neçə ay öncə aldığı maşını indi sata bilmədiyini deyir:
"Öz şəxsi maşınımı satmağa gəlmişəm. Alıcılıq qabiliyyəti sıfırdır. Səkkiz-doqquz ay bundan öncə 57 minə "Lexus" markalı, 2010-cu il istehsalı olan maşın almışdım. İndi bunu 45 minə sata bilmirəm. Doqquz aya 10-12 min fərq edə bilməz. Sadəcə olaraq, alıcı yoxdur. Salonda belə, maşın satılmadı.
Maşın bazarında mühərrik həcmi böyük olan avtomobillərin qiyməti sıfıra düşüb. Ancaq bunun Cənubi Koreya və ABŞ-dən gələn hibrid maşınların qiymətinə aidiyyəti yoxdur".
V.Dadaşov "Toyota Prius"ların qiymətinin də kəskin azaldığını qeyd edir:
"Taksilərlə bağlı yeni qərara münasibətim mənfidir. O sürücülər evlərinə çörəkpulu aparırdılar. İndi onlar çətin vəziyyətdədirlər. "Opel Astra"nın qiyməti də düşüb. Əvvəl 11 minə satılırdısa, hazırda səkkiz minə düşüb. Ən kəskin fərq "Prius"lardadır. Onlar sıradan çıxır".