Ələsgər Məmmədlinin vəsatətinə baxıldı - MƏHKƏMƏ QƏRAR VERDİ

Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Ələsgər Məmmədlinin “ev dustaqlığı”na buraxılması ilə bağlı növbəti vəsatətinə baxılıb.

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədli məhkəmə iclasında geniş çıxış edib.

O bildirib ki, istintaqın materialları ilə tanışlıq zamanı aydın olub ki, həbsinə əsas olacaq heç bir fakt və sübut yoxdur.

Ə.Məmmədli hüququ pozan hakim kimi Sülhanə Hacıyevadan Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazdığını xatırladıb.

O deyib ki, səhhətindəki ciddi problemlərə görə, təcili cərrahi əməliyyatı olunmalıdır.

“Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam?”, - Ə.Məmmədli hakimdən soruşub.

Hüquqşünas Novruz bayramı ərəfəsində azadlığa buraxılması barədə qərar verilməsinin cəmiyyətdə rəğbətlə qarşılana biləcəyini vurğulayıb.

Hakim Sülhanə Hacıyeva Ələsgər Məmmədlinin “ev dustaqlığı”na buraxılması ilə bağlı vəsatəti təmin etməyib və onun həbsdə saxlanması barədə qərar qüvvədə qalıb./modern.az