Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə "Reuters" Pakistan ordusuna istinadən məlumat verib.
Yaralıların sayı isə 46 nəfərə çatıb.
***
04:11
Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən 5 Hindistan qırıcısını vurub.
“Geo TV”nin məlumatına görə, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
“Müdafiə naziri Xavaca Asif təsdiq edib ki, Pakistan Hərbi Hava Qüvvələri son cavab tədbiri olaraq ən azı beş Hindistan qırıcısını vurub”, - telekanalın açıqlamasında deyilir.
***
03:54
Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.
Məlumata görə daha iki nəfər itkin düşüb.
*** 03:42
Hindistan ordusu silahlı qüvvələrin hər üç qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib.
Bu barədə ANI agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Zərbələr yalnız Hindistan ərazisindən endirilib", - məlumatda deyilir.
Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.
***
01:09
Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.
***
00:41
Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.
Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.
Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.
Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.
Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.
Məlumata görə, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilir.
Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib./apa