ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı qabaqlayır.
Bunu “Cook Political Report” siyasi bülleteninin keçirdiyi sorğunun məlumatları sübut edir.
Araşdırmaya əsasən, Harrisin Pensilvaniya və Viskonsin ştatlarında Trampdan 5 faiz, Arizona ştatında 4 faiz, Miçiqan və Şimali Karolina ştatlarında isə 2 faiz üstünlüyü var. Nevada ştatında ölkənin hazırkı vitse-prezidentini 5 faiz bəndi qabaqlayan respublikaçı liderlik edir, Corciya ştatında isə hər iki namizədə dəstək səviyyəsi eynidir.
Qeyd olunur ki, ümumilikdə Harris Trampdan 2 faiz bəndi daha üstün durumdadır: respondentlərin 46 faizi onu, 44 faizi isə rəqibini dəstəkləməyə hazırdır. Respondentlərin 5 faizi isə səsini müstəqil namizəd kiçik Robert Kennediyə vermək niyyətindədir.
Analitiklər hesab edirlər ki, Harrisin mövqeyi demokratların onun ətrafında birləşməsi və müstəqil seçicilər arasında dəstəyin artması ilə möhkəmlənib.
Qeyd edək ki, sorğu iyulun 26-dan avqustun 2-dək seçim tərəddüdündə olan 7 ştatda 2800-dən çox seçici arasında aparılıb./report